Alimlər alkoqolizmdən müalicə üsulunu tapıblar

Tədqiqatın nəticələrini insanlara tətbiq etmək üçün hələ araşdırmaları davam etdirmək lazımdır

İndiyə qədər heç kəs alkoqolizmdən müalicə üsulunu tapmayıb. Doğrudur, bəzi içki düşkünlərinin uzun müddət spirtli içki qəbul etməməyə iradəsi çatır. Amma belələrinin sayı çox azdır – təxminən 10 faizdən də az.

İndi alimlər bu xəstəliyin mümkün müalicə üsulu kimi gen terapiyasının üstündə işləyirlər. Bu günlərdə onlardan şad xəbər gəlib.

Santyaqodakı Çili Universitetinin tədqiqatçısı Amalya Sapaq Amerika Gen Terapiyası Cəmiyyətinin axırıncı toplantısında bildirib ki, təcrübə məqsədilə spirtli içkidən asılı hala salınmış siçovulların üstündə işləyiblər. Tədqiqat zamanı məlum olub ki, bu siçovulların bədəninə xüsusi virus yeridiləndən sonra onların spirtli içki içmək istəyi yarıbayarı azalır. Bu virus orqanizmdə alkoqolu həzm edən genləri sıradan çıxarır. Həmin gen «aldehid-dehidrogeniz» adlanır. Alimlər aşkar ediblər ki, orqanizmində bu genlərin mutasiya olunmuş formasını daşıyan insanlar spirtl içkiyə az meylli olurlar.

Çili Universitetinin tədqiqatçıları inanırlar ki, onlar orqanizm üçün zərərli olmayan bu virus inyeksiyasını hazırlamaqla, əslində alkoqol istehlakını azaltmağın yeni yolunu tapıblar. Əlbəttə, təkcə siçovullar arasında yox, həm də insanlar arasında.

50 ilə yaxındır ki, həkimlər alkoqolizmin müalicəsi kimi pasiyentlərə «Antabuz» adlı dərman yazırlar. Bu dərman insan orqanizmində sözügedən genləri sıradan çıxarmaqla məşğul olur. Onu qəbul etmiş şəxs spirtli içki içən kimi, onda ürək bulanmasından tutmuş təngnəfəsliyə qədər bir sıra xoş olmayan simptomlar özünü göstərir. Ancaq «Antabuz»un effektli olması üçün onu hər gün qəbul etmək lazımdır. Yəni, alkoqolik yenidən içmək və bu simptomları yaşamamaq istəyirsə, bu dərmanın qəbulunu yarımçıq dayandırması kifayət edir. Yeni aşkar edilmiş inyeksiyanın üstünlüyü isə ondadır ki, o, birdəfəlik müalicə üsuludur. Yəni, bədəninə bir dəfə bu inyeksiya yeridilmiş içki düşkünü heç vaxt spirtli içkidən ləzzət ala bilməyəcək.

Ancaq Amalya Sapaq onu da deyir ki, tədqiqatın nəticələrini insanlara tətbiq etmək üçün hələ araşdırmaları davam etdirmək lazımdır.