«Bizim hökumətdə cəsarət qıtlığı var»

«Demokratiyaya gerçək keçid gerçək siyasi cəsarət tələb edir»

«Azadlıq» qəzetində bu nəşrin həbsdə olan baş redaktoru Qənimət Zahidin sözləri yer alıb. O bildirib ki, nə bu il, nə də gələn il siyasi məhbus probleminin həllinin gözləməyə dəyməz. Baş redaktor deyib ki, siyasi məhbus problemini həll etmək üçün siyasi iradə lazımdır. Bu da Azərbaycan hakimiyyətində yoxdur:

«Demokratiyaya gerçək keçid gerçək siyasi cəsarət tələb edir. Bizim hökumətdə isə cəsarət qıtlığı var».

«Məndən heyf çıxırlar». Parlamentdə söz demək hüququndan məhrum olunan millət vəkili Pənah Hüseyn «Bizim yol» qəzetinə belə deyib:

«Qanun saxtakarlığına qarşı etirazım spikeri gərgin vəziyyətə salıb. Əslində, məsələnin mahiyyəti bundadır. Parlament rəhbərliyi qanun saxtakarlığına görə ifşa edildi. İndi də bunun heyfini çıxırlar».

«Seçkiyə inam ölürsə, insanlar daha aqressiv üsullara əl ata bilər». Politoloq Eldar Namazov «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, cəmiyyətdəki böyük narazılıqlar ciddi təhlükələrdən xəbər verir.

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb: «Respublikamız mükəmməl iqtisadi strategiyanı həyata keçirməklə keçid iqtisadiyyatını arxada qoyub».