MSK Naftalanda İcra Hakimiyyəti başçısının seçkiyə müdaxilə etdiyini deyir

Məzahir Pənahov

«Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin seçki prosesinə müdaxiləsi təsdiqini tapır».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 28-də keçirdiyi mətbuat konfransında bildirib.

MSK-nın sözçüsü Azər Sarıyev AzadlıqRadiosuna deyib ki, 96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasından MSK-ya daxil olan müraciətləri araşdırmaq üçün MSK-nın üzvü Tofiq Həsənov Naftalan rayonuna ezam olunub. Naftalan rayonunda 30-a yaxın məntəqə seçki komissiyasının üzvü, müşahidəçi və bələdiyyə üzvlüyünə namizədlə söhbət aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin seçki prosesinə müdaxiləsi təsdiqini tapır.

Amma hələ ki, MSK hadisə ilə bağlı qərar qəbul etməyib.

Axşam saatlarında Musa Musayevin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.