Yatağın zəbt olunması neftin qiymətini qaldırıb

İran qüvələrinin İraqla sərhəd bölgəsində yerləşən neft yatağını tutması xəbərindən sonra dünən Nyu-York birjasında neftin bir barelinin qiyməti 71 dollardan 73 dollar 36 sentə qalxıb.

Məlumatlara görə 11 İran əsgəri sərhəddi keçərək İraqın cənub-şərqindəki neft yatağında İran bayrağını qaldırıblar.

İraq hökumətinin sözçüsü Əli al Dabbaq deyir ki, bu ölkənin suverenliyinin pozulması deməkdir və rəsmi Bağdad İran əsgərlərinin təcili bu ərazidən çıxmasını tələb edir.

O əlavə edib ki, İraq bu məsələni diplomatik yolla həll etmək istəyir.

İran Neft Şirkətinin sözçüsü isə bu ittihamı rədd edib və İraq ərazisindəki hər hanı bir yatağın zəbt edilmədiyini bildirib.