Murad KÖHNƏQALA "Bulud pinəçisi" (sonu)

3

Hətta bir dəfə bir gəlin brilyantlarla əhatələnmiş almaz qaşlı üzüyünü anamın daş qaşlı üzüyü ilə dəyişmək istəyib. Anam razı olmayıb. Həm də başa salıb ki, bu üzük yalnız onların sevgisinə aiddir.

Sonra anamdan xahiş elədim ki, o üzüyü mənə də göstərsin.

Anam qalxıb divar mebelinin yuxarı gözünün birini açdı və balaca bir sandıqçanı götürüb stolun üstünə qoydu, saçlarını barmaqlarıyla yana ötürərək başını sandıqçaya əydi və sandıqçadan narıncı rəngli üzük qabını çıxartdı.

Qabı açdı, üzüyü götürüb mənə verdi. Mən üzüyü alıb hər tərəfinə diqqətlə baxdım.

Deməli, üzüyün özü qızıldan idi. Qaşı isə, doğrudan da, anam söylədiyi həmin o adi, xırdaca çay daşı idi.

Qızıl üzük özünü yuxarı - qaşa sarı səfərbər eləyib də çiçək ləçəkləri kimi dilikli naxışı ilə o adi daşı başı üzərinə qaldırıb çox qiymətli nəsnə kimi tutmuşdu. Üzüyün içinə isə atamla anamın adları həkk olunmuşdu.

Üzük doğrudan da çox gözəl idi. Mən anamdan soruşdum ki, bəs niyə üzüyü barmağına taxmırsan. Anam dedi ki, barmağımdan düşüb itəcəyindən qorxuram. Vaxt olacaq, onu sənə hədiyyə edəcəm.

Mən anamı öpdüm və üzüyü ona qaytardım. Anam üzüyü qabına yerləşdirib sandıqçanı yerinə qoydu.

Anam çay qoymağa gedəndə aynabənd qapımız döyüldü, daha doğrusu, qapımızı ağacdələn döydü. Yox, yenə başa düşmədiniz.

Gərək əvvəlindən izah eləyim.

Demək, atam Mustafaya oyuncaq ağacdələn almışdı - bir ağaca bitişik ağacdələn. İçərisində batareyası var deyə aşağıdakı düyməsini basan kimi ağacdələn uzun dimdiyiylə ağacı döyəcləməyə başlayır.

Onun çox bəzəkli telləri və uzun quyruğu var. Düyməsini bir də basan kimi ağacdələn sakitləşir. Demək, Mustafa neyləyib… Həmin o ağacdələni çöl tərəfdən qapıya bərkidib. Düyməsini basan kimi qapımız çalır, ağacdələn qapını döyür.

Bu, Mustafanın ən parlaq kəşfidir. Onun bu kəşfindən sonra aynabənd açıq oldu-olmadı, atam həmişə evə gələndə ağacdələnin dimdiyindən istifadə edir.

Artıq xeyli vaxt idi ki, qaranlıq düşmüşdü. Mustafa yəqin ki, otağında öz oyuncaqları ilə oynayırdı. Biz anamla atamın gəlməyini gözləyirdik. Üzük söhbətindən də xeyli keçmişdi.

Oturub televizora baxırdıq. Atam gecikirdi. Hə, qapı çalınan kimi anam tezcə gedib qapını açdı. Baay!..

Həyətdə atam, yanında da qonaqlar!

Onları gətirən uzun, ağ maşın daldalı həyətdən çıxıb gözdən itdi. Atam aynabəndin qapısından keçib qonaqları içəri dəvət elədi. Dəvət elədi, özü də tamam ayrı bir dildə. Sonra bildim ki, bu, fransız dilidir. Atam bulud pinəçiliyində oxuyanda ona fransız dili də öyrədiblərmiş.

Qonaqlar üç nəfər idi: ikisi kişi, biri isə qadın. Onların üçünün də əynindəki paltar eyni idi.

Uzunqollu mavi köynək və köynəyə bitişik həmin rəngdə şalvar, enli kəmər və yüngül qısaboğaz çəkmələr. Başlarında isə paltarları rəngdə kepka vardı.

Qonaqları görən kimi ürəyimə damdı ki, onlar bura adamı deyillər. Gördün, düz də çıxdı... Onlar bizə marmelad və meyvə almışdı. Atam onları qonaq otağına dəvət elədi.

Deyim sizə, bizim üç otağımız, bir aynabəndimiz var.

Biri atamın otağı, biri anamla bizim otağımız, biri isə daima qonaq gözləyən qonaq otağımız.

Qonaq otağı o biri iki yanaşı otaqlara köndələn olduğundan aynabəndimiz qonaq otağına perpendikulyar, o biri iki otağın isə qabağına düşür. Bir də aynabəndə girişdə kiçik otağa bənzəyən mətbəximiz var.

Qonaqlar çay üçün əyləşəndə atam anamı başa saldı ki, onlar ayrı ölkənin adamlarıdır, fransızdırlar.

Doğrudan da, onlar bizim adamlara baxanda xeyli ağsifət idilər.

Əşi, Mustafa çoxdan gəlib bizə qoşulmuşdu. O, bir-bir qonaqların üzünə tamaşa eləyirdi. Elə bil indicə onların hamısının xasiyyətini üzlərinə oxuyacaqdı. Qonaqlar Mustafanın açıla qalmış ağzına, gödək şortikinə və tərsinə geyindiyi ayaqqabılarına baxıb xeyli şənləndilər.

Məncə, sonra onlar atama dedilər ki, qəm eləmə, bu, lap yaxşı oğlandı.

Qonaq qız başındakı zərif kepkasını çıxaranda sarı saman saçları qəfil çiyinlərinə töküldü.

Əmilərdən biri Mustafanı yanına çağırıb, ona bir ucu üç rəngdə yazan, o biri ucu isə işıq salan nazik bir fənər bağışladı.

Mustafa yazan fənəri alıb başının üzərinə qaldıraraq sevindiyindən əvvəlcə otağı, sonra aynabəndi qışqıra-qışqıra qaçıb dolandı və yenə bizim yanımıza qayıtdı. Sonra onlar Mustafayla mənə hərəmizə bir dəst on iki rəngdə yazan flamaster bağışladılar.

Bəzəkli flamasterləri açıb yoxlayan Mustafanın alt dodağında bir damcı su parıldayırdı.

Sarı saçlı qız məni yanına çağırıb adımı soruşdu. Atam bizim aramızda tərcüməçilik eləyirdi. Mən adımı ona dedim.

O, mənim adımı özünə məxsus təkrar elədi: Zeynəb. Sonra mənə dedi ki, çox gözəl adın var. Bunu əmilər də təsdiq elədilər. Mustafanın da adını məndən soruşdular.

Onun da adını çox bəyəndilər. Sonra qonaqların hər biri öz adını deyib mənimlə tanış oldular. Mən onlara "sizin də adınız gözəldir" - dedim. Sarı saçlı qızın adı Stella idi.

Sonra Stella əl sumkasını açıb ətir saçan bəzəkli bir daraq çıxardı və mənə bağışladı.

Həmin daraqla darananda saçlarıma xoş ətir yayılırdı.

Anam stola gözəl qablarda müxtəlif mürəbbələr düzdü.

Sonra çay gətirdi. Qonaqlar mürəbbələrin adını soruşurdu. Atam fransızca deyirdi: bu zoğal mürəbbəsidi, bu üzüm mürəbbəsidi, bu qarağat mürəbbəsidi, bu gül mürəbbəsidi, bu gilas mürəbbəsidi…

Çay məclisindən sonra atam onları həyətdə gəzməyə dəvət elədi.

Evimiz mərkəzdən uzaq olduğundan, demək olar ki, biz yarımşəhərliyik. Həyətimizdə cərgəylə düzülmüş gözəl meyvə ağacları var: alma, armud, nar, əncir, gilas, heyva…

Həyətimiz çox səliqəli taxta hasarı var. Girişdə iri taxta darvaza və balaca həyət qapısı qoyulub. Darvazanın çölündən bizi çağırmaq üçün dəmir döyəc asılıb. Darvazanın üstü evimizin üstü kimi qırmızı kirəmitlə örtülüb.

Ağacların arası daima yaşıl çayırlı olur. Atam hər il yazda taxta hasar və darvazamızı tünd mavi boya ilə rəngləyir.

Çox səliqəli və gözəl görünən taxta qapı-hasarımızı da o, mişar və rəndəsiylə özü düzəldib. Bunu da anam söyləyib mənə.

Qaranlıq olsa da qonaqlar həyətin işığında ağacları və həyətimizi yaxşı seyr edə bilirdilər.

Mustafayla mən də qonaqlarla bir yerdə gəzinirdik. Atam qəlyanını tüstülədərək qonaqlarla söhbət eləyirdi. Atama ən çox Stella suallar verirdi.

Mən bilirdim anam evdə neyləyir. O, gündüzdən büküb hazırladığı yarpaq dolmasını soyuducudan çıxarıb bişirəcək və stola düzəcək. Qonaqlar və biz yeyəcəyik. Sonra atam yenə bir qəlyan çəkəcək. Sonra, yəqin ki, yatacağıq.

Biz həyətdən içəri keçəndə, doğrudan da mən fikirləşdiyim kimi, stola yemək düzülmüşdü.

Sonra atam gedib belə fövqəladə məclislər üçün saxladığı, çoxillik çaxırından bir bardaq gətirdi.

Qonaqlar ləzzətlə yeyir, yarpaq dolması haqda atamdan maraqla soruşurdular. Atam isə, yəqin ki, onlara tənək yarpaqlarından, yeməyin hazırlanma-sından danışırdı.

Sonra atam uzunayaqlı badələrdə üç qonağa, anama və özünə qırmızı şərab süzdü. Öz badəsini qaldıraraq qonaqların şərəfinə fransızca sağlıq dedi və hamı badələrini bir-birinə vurdu, hamı içdi.

Əlbəttə, anam içmədi, sakitcə badəsini yerə qoydu. Sonra atam yenə hamıya çaxır süzdü. Bu dəfə saman saçlı Stella danışdı. Atam onun sözlərini anama izah elədi: "Deyir ki, mən sizi heç vaxt unutmayacam.

Sizin eviniz, ailəniz, xoş sifətiniz çox gözəldir. Və sizin şərəfinizə…"

Məclis qurtardıqdan sonra onlar yenə həyətə gəzinməyə çıxdılar.

Bağdakı işığımızın dövrəsində çoxlu xırdaca bəzəkli böcəklər uçuşurdu. Söz yox ki, indi atam qəlyan çəkəcək. Mustafayla mən bu dəfə həyətə çıxmadıq. Çünki Mustafa yatmağa getmişdi, mənsə anamla içəridə qaldım.

Gecələmək üçün qonaqlar belə bölündülər: əmilər qonaq otağına getdi, atam öz otağına getdi, Stella isə bizimlə bir otaqda qaldı.

Otaqda anam ondan soruşdu ki, bax belə (yatan Mustafanı və məni göstərdi) balaların varmı?

Stella sarı saçlarını yellədərək anama izah elədi ki, o, hələ ailə qurmayıb.

Onlar çox gülməli danışırdılar, hərə öz dilində, əl-qolla. Mən onların belə qarmaqarışıq söhbətinə baxıb gülürdüm. Mustafa da, deyəsən, yata-yata nəyəsə gülürdü.

Səhər oyananda Mustafayla mən qonaqları görmədik. Onlar artıq atamla çıxıb getmişdilər.

O saat gecə gördüyüm yuxu yadıma düşdü: qonaqları gətirən həmin o ağ, uzun maşın səhər tezdən gəlib həyətimizdə dayanır, atamı və qonaqları aparır.

Anam dedi ki, doğrudan da, həmin maşın gəldi və onlar minib getdilər.

Sonra dedi ki, sarı saçlı Stella biz yuxuda olarkən məni də, Mustafanı da öpüb gedib. Mən o saat Stelladan ötrü darıxdım. Çünki mən də böyüyəndə saçlarımı səliqəylə kəsdirib, onun kimi çiyinlərimə tökəcəm.

Sonra anam danışdı ki, onlar uzaq xarici ölkənin adamlarıdır.

Sən demə, onların təyyarəsi göydə azır və qəzaya düşür. Məcbur olub təyyarədən paraşütlə xilas olurlar. Təyyarəni isə yana-yana dağlara buraxırlar. Sonra qatı buludların üstünə qonurlar.

Buludlardan aşağı düşə bilmədiklərinə görə öz ölkələriylə əlaqə saxlayırlar.

Stansiyaları onların yerini təyin edir. Beləcə onlar azaraq gəlib bizim göylərimizə çıxırlar. Buludları doğrayaraq onları xilas etmək lazım gəlir.

Təcili olaraq atamı qəza yerinə aparırlar. Atam həmin o məşhur nərdivanı ilə qalxaraq qatı buludları iri qayçısı ilə kəsib aralayır və xarici qonaqların həyatını xilas eləyir. Sonra atam icazə alaraq onları bir günlüyə evimizə qonaq gətirir.

Ondan sonrasını da ki, özünüz gözlərinizlə gördünüz.

***

Xarici pilotların bizdə qonaq olmasından az qala bir il keçməsinə baxmayaraq Mustafa onların bağışladığı üç rəngdə yazan işıqlı qələmi və flamasterləri qırmamış, itirməmiş, əzizləyərək saxlamışdı.

Lakin yeni elmi nailiyyətlərini gözləsək də o, qapımızdakı "ağacdələn zəng"dən sonra önəmli heç nə kəşf eləyə bilməmişdi.

Düzdür, atamın səli-qəylə rənglədiyi taxta hasarımızın üstünə içəri tərəfdən çoxlu rəngli şəkillər çəkmişdi: budaqlarında alma, heyva, nar və quşlar olan yaşıl ağaclar, günəbaxanlar, buxarısından mavi tüstü qalxan ev, atlar, uçan quşlar, uzunquyruqlu xoruz, müxtəlif rəngli güllər, özgə planetdən gəlmiş adamlar və uçan boşqablar, öz əllərinin kopiyaları, uzun saçlarının ucuna rəngli bantlar bağlamış qızlar, əllərində məktəb çantaları tutmuş oğlanlar, paraşütlə atılan pilotlar, müxtəlif avtoportretlər, mənim əldə gül portretim, atamın uzun nərdivanda şəkli, anamın əldə gül portreti, itlər, pişiklər…

Bu rəsmləri, yəqin ki, kəşf saymaq olmazdı.

Hələ onu demirəm ki, ağzı-burnu əyri portretlər prototiplərinə heç də bənzə-mirdi. Bu sərgidəki portretlərin kimə həsr olunduğunu məndən başqa bilən yoxuydu.

Mustafa həmişə narahat görünür, o, daima axtarışdadır. Məsələn, mən bu saat anamla teleseriala baxıram. Əslində, biz həm də atamın gəlişini gözləyirik. Atam söz verib ki, bu dəfə bizi şəhərin ən sehrli yerlərini gəzməyə aparacaq.

Mustafa isə öz sirli döşəkçəsini götürüb də həyətdəki alma ağacının altında oturub. Bəzən elə olur ki, o, gün ərzində sa-atlarla dinməz-söyləməz ən qırmızı almalar gətirən bu ağacın altında oturur.

Bilirsinizmi niyə? "Bəlkə tale üzümə güldü, başıma qırmızı bir alma düşdü, mən də bəşəriyyət üçün mühüm bir şey kəşf eləyə bildim" . Bax, bu fikirlə…

Təsadüfdən-təsadüfə ətrafına alma düşməyinə baxmayaraq, heyhat, onun başına alma düşmürdü ki, düşmürdü.

Belə zikrlərdən sonra o, durub evə gəlir, çölə çıxır, həyəcanlanır, fikirli-fikirli yaşıl həyətimizdə hərlənir…

Serialda deyilir ki, o balaca qız öz ata-anasının deyil, tamam başqa adamların uşağıdır.

Varlı olduqlarına görə kasıb bir ailənin uşağını doğum evində pulla həkimlərdən alıblar.

Daha doğrusu, bu sirdən, növbəti dəfə ölü uşaq doğmuş ananın xəbəri yoxdur.

Bütün işləri qadının əri qurmuş, həkimlər ölü doğulmuş uşaqla o qızcığazı dəyişmişlər. Ona görə də bütün sirləri təkcə həkimlə ata bilir. Hər dəfə serialdan parçalar göstəriləndə sücet xətti bu sirlər indicə açılacaqmış kimi inkişaf edir.

Mən baxıram ki, anam hadisələri çox həyəcanla izləyir, serilaın bir parçasını belə gözdən qaçırmır.

Hərdən mənə elə gəlirdi ki… Yox, demək istəmirəm…

Sizdən nə gizlədim, hərdən mənə elə gəlirdi ki, bir gün mənə atam belə bir sirr açacaq, "sən bizim qızımız deyilsən, biz səni filan yerdən oğurladıq".

Mən atamdan və anamdan başqa heç kimin qızı olmaq istəmirəm.

Bu fikirləri bir gün anama danışdım. Anam gülüb məni qucaqladı, öpdü və dedi ki, sən bizim öz qızımızsan, Mustafa da bizim öz oğlumuzdu.

Mustafa sənin qardaşın, sənsə onun bacısısan.

Mən bunu atamdan da soruşdum. Atam da gülüb məni öpdü və dedi ki, siz hər ikiniz bizim doğma balalarımızsınız, bir də belə şeylər fikirləşmə. Mən daha belə şeylər fikirləşmirəm. Ona görə də Mustafanın hər bir hərəkəti və kəşfi mənim üçün çox əzizdi.

Bir dəfə yenə də bilmədən atamla anama beləcə narahatçılıq vermişdim. Ancaq əhvalat tamam başqa cür olmuşdu.

Pilot qonaqlar bizdən gedəndən sonra atam hərdənbir onlardan gələn məktubları evimizə gətirirdi.

Anam fransızca yazılmış bu məktublarla maraqlananda atam demişdi ki, pilotlar bizə salam göndərir, minnətdarlıqlarını bildirir, uşaqlar haqda soruşurlar. Deyim ki, anam həmişə o məktublardan rahatsız olar, atam evdə olmayanda, oxuya bilməsə də, hərdən o təmtəraqlı paketlərdən birini açıb da yazılı vərəqlərin o üz-bu üzünə baxardı.

Yəqin ki, "bu qədər minnətdarlıqmı olar?" deyə düşünürdü.

Yazıların səliqəsindən mən özlüyümdə hiss eləmişdim ki, məktubları atama sarı saçlı Stella yazır. Yəqin anamı da narahat eləyən bu idi. Anam hər dəfə o məktubları əlinə götürəndə elə aciz görünürdü ki…

Bir gün anam yaxınlığımızda yaşayan fransız dili müəlliməsini evimizə qonaq çağırdı.

Müəlliməni evimizdə görəndə bildim ki, anam məktubların məzmunu ilə tanış olmaq istəyir. Stolun üstünə müxtəlif mürəbbələr düzüldü, fincanlarda çay gəldi. Sonra divar mebelinin, bir qayda olaraq atama aid olan yuxarı gözündə saxlanan beş-altı məktub stolun üstünə gəldi.

Müəllimə məktubları bir-bir açır, əvvəlcə əcnəbi cümlələri özü üçün astadan oxuyur, sonra isə eynəyinin üstündən qəribə tərzdə gülümsəyərək anama maraqlı olacaq bəzi cümlələri bərkdən tərcümə eləyirdi.

Anam yumruqlarını üzünə dirəyərək müəllimənin qarşısında stola dirsəklənmişdi. Məktublardan təxminən belə cümlələr çıxırdı: "sizi yaddan çıxara bilmirəm", "uşaqlarınız çox gözəldir", "biz sizin qəhrəmanlığınız sayəsində xilas olduq", "yazırsınız ki, gələ bilməzsiniz, istəsəniz, lap ailənizlə birlikdə gəlin", "tütünün iyi hələ də burnumdadır", "sizi heç cür unuda bilmirəm", "sizin kimilərinə bizim ölkənin ehtiyacı var", "siz çox romantiksiniz", "mənə tez-tez məktub yazın", "Mustafa yenə kəşflər eləyibmi?", "Zeynəb məktəbə gedirmi?"…

Məktubların qısa məzmununa qulaq asandan sonra hiss elədim ki, anam xeyli arxayınlaşıb. Yəni, "qorxulu bir şey yoxdu…"

Müəlliməni həyətdən yola salandan sonra anam mənə möhkəm tapşırdı ki, əhvalatı atama deməyim. Əlbəttə, anam yalnız mənə tapşırmalıydı, çünki Mustafa bu işlərə heç fikir də vermirdi.

Axşam atam evə gələndə çiynindəki iri iynəsini otağın küncünə qoydu, oturub çay içdi, televizora baxıb özü üçün qeydlər apardı.

Birdən məktub əhvalatı yadıma düşdü. Əhvalat yadıma düşən kimi, anamın tapşırığını unutdum.

Atama danışdım ki, onun evə gətirdiyi bəzəkli məktubları fransız dili müəlliməsi bizə tərcümə eləyib.

Atam güldü, məni qucaqlayıb öpdü və heç nə demədi. Anam utanaraq başını aşağı saldı və o biri otağa, nə isə ayrı bir işlə məşğul olmağa getdi.

Anamın belə pərt olduğunu görəndən sonra onun bu barədə atama heç nə deməmək tapşırığı və mənim ona söz verməyim yadıma düşdü.

Öz-özlüyümdə çox peşman oldum. Ancaq elə o gündən atam sarı saçlı Stellanın məktublarını evə gətirmədi…

Urra! Atam gəldi!

O, Mustafa ilə əl-ələ içəri girdi. Atam işdən evə gələndə, demək, Mustafa hələ də həyətdə hərlənirmiş.

Urra! Bu gün şəhərimizin ən sehrli yerlərində gəzməyə gedirik! Mən saçımın bəzəyini - bantlar və "böcəklər"i günortadan hazırlamışdım.

Üstü kəpənəkli ayaqqabılarımı, rəngli corablarımı, səyahət donumu və məxmər şlyapamı da təyin etmişdim.

Mənə baxıb Mustafa da öz makasin ayaqqabısını, yumşaq cins şalvarını, döşü cibli, şəkilli köynəyini və belində böyük hörümçək şəkli olan sevdiyi gödəkçəsini tezcə ortalığa çəkdi.

Anam mənim saçlarımı təzədən darayıb "keçi" bağladı və gözəl geyinməyimə kömək elədi.

Mən artıq gəzintiyə hazıram! İndi anamı tələsdirirəm.
Atam Mustafanı geyindirir. Mustafa əynini dəyişib sevdiyi paltarlarını geydikcə sevinir, qışqırırdı.

Anam da saçlarını darayıb təzədən yığdı, ən yaraşıqlı paltarını geyinib otaqdan çıxdı və "biz hazırıq" dedi.

Mən Mustafanın əlindən tutub tez həyətə çıxdım.

Biz qışqırıb həyətdən onları səsləyirdik. İndicə atamla anam həyətə çıxacaq, bizi şəhərə gəzməyə aparacaqlar.

Mustafa nə qədər sevinsə də, budəfəki gəzintimizin nə qədər maraqlı olacağından xəbərsizdir.

Atam demişdi ki, bu dəfə şəhərimizin üç küçəsində gəzəcəyik: İndiki küçə, Keçmiş küçə və Gələcək küçə…

***

Şəhərə çatanda atam dedi ki, gəlin, əvvəlcə Keçmiş küçədən başlayaq.

Biz o saat razılaşdıq. Bu dəfə mən anamla, Mustafa isə atamla yanaşı yeriyirdi. Nəhayət, uzun və qədim bir küçəyə girdik. Küçə yağışdan sonra azca təpiyib qurusa da, palçıqlı idi.

Yolun o üz-bu üzündə cərgəylə ticarət dükanları, zərgərxanalar, dəlləkxanalar, dəmirçilər, çəkməçilər, dərzilər, qəssablar və s. düzülmüşdü. Balaca uşaqlar palçıqda ayaqyalın o tərəf, bu tərəfə şütüyürdülər.

Hərdən-birdən çarşaba-şala bürünmüş qadınlar da görünürdü.

Küçədən taqqıltıyla taxta təkərli araba keçəndə adamlar ortadan bir az kənara çəkilib yol verirdi. Yol boyu düzülmüş piştaxtalarda ən müxtəlif mallar qoyulmuşdu: dəmir nallar, hər cür zəncirlər, mis sinilər, uzunqulplu qazanlar, qapı kilidləri, çıraqlar, taxta qaşıq və çömçələr, müxtəlif dəstəkli xəncər və bıçaqlar, ayrı-ayrı təsərrüfat alətləri...

Yanındakı zərgər dükanında hər cür bərbəzəkli, naxışlı, gümüşpullu sinəbəndlər, kəmərlər, incə-zərif boyunbağılar, incilər, üstü müxtəlif naxışlarla işlənmiş bilərziklər, cürbəcür üzüklər, üstü qızılı-gümüşü zərlənmiş qəlyanlar, çiçək şəkilli, yarpaq şəkilli, damcılı, yumru, sallama, salxımvari gözəl sırğalar, nələr, nələr və nələr…

Bu üzdə qoyulmuş çeşidli və rəngarəng ipək, mahud, pambıq, atlas, məxmər parçalardan küçə daha da gözəl görünürdü. Sonra onun yanında ağ-qara üzüm qurusu, əncir qurusu, müxtəlif xurmalar, hər cür düyülər, qoz-fındıq ləpəsi, hər cür lobya növü, noxud, badam, alça qurusu, gavalı qurusu, nə bilim nələr, nələr…

Dəmir qarmaqlardan asılmış mal əti, qoyun əti.

Qəssablar bıçaqlarını itiləyir, ac-yalavaclar, arıq, kasıb adamlar ətə baxa-baxa keçirdilər.

Hərdən-birdən enliqurşaq, kök kişilər buralarda bazarlıq eləyir, nəyi isə alıb yanındakı itaətkar nökərinin əlində tutduğu həsir zənbilə yükləyirdi.

Burada gördüyümüz hər şeyi atam bizə başa salırdı.

Eşşəyin belində keçən saqqallı kişilərə baxıb Mustafa əl çalır, qışqırıb gülürdü. Ayaqlarında çarıq, əyinlərində sökülüb-tökülmüş arxalıq, yaxud kürk, başlarında qıllı papaq, çiyinləri heybəli, heybəsiz adamlar yanımızdan ötüb keçir, lakin bizi görmürdülər.

Bir az irəlidə müxtəlif ölçülərdə çarıqlar, çəkmələr və naxışlı, bər-bəzəkli toxunma corablar satılırdı. Yan-yana düzülmüş uzunburun-dikburun, üstü dəri bağlarla çarpazlanmış irili-xırdalı çarıqlar, bir növ, dəniz sahilinə lövbər almış balıqçı qayıqlarını xatırladırdı.

Bir az irəlidə örkənlər, naxışlı xurcunlar, kilimlər, al-əlvan rənglərdən od tutub yanan xalılar, xalçalar, fərməşlər, və s. sərgilənmişdi. Burada həm də at yəhərləri və yəhərə lazım olan, atı bəzəmək üçün müxtəlif əşyalar satılırdı.

Dəlləkxanalarda, əczaxanalarda və içəri dükanlarda lampa işığı közərirdi.

Mən iki çarşablı qadının dükan tinində durub pıçıltıyla gileyləndiyini eşitdim.

Onlar deyirdilər ki, padşahımız çox zalımdır, camaat yeməyə arpa çörəyi, geyməyə paltar tapmır. Padşahın və əyanlarının başı kefə elə qarışıb ki, rəiyyət yaddan çıxıb.

Padşaha etiraz eləyəni də ya qılıncla iki şaqqalayaraq alaqapıdan asıb xalqa görk eləyir, ya da zindanda çürüdürlər.

Biz küçəni seyr edə-edə aşağı düşürdük ki, uzaqdan gurultulu davul səsi eşidildi və dalısınca gur səsli birisi ucadan bağırdı: "Qibleyi-aləm gəlir, qibleyi-aləm hamama gedir!"

Atam bizi başa saldı ki, bu, xoş bir təsadüfdür, indicə padşahı görəcəyik.

Bir azdan küçənin o başından bir dəstə adam peyda oldu.

Boynundan iri davul asılmış, sağ əlində isə ucu əyri davul ağacı tutmuş birisi dəstənin qabağında gəlirdi. O, hərdən ucu əyri ağacla davula zərbə endirir, davuldan qalxan vahiməli gurultunun dalınca isə qışqırırdı: "Qibleyi-aləm gəlir, qibleyi-aləm hamama gedir!"

Davulçunun səsi gələn kimi küçədə olan bütün ticarət mallarını yığışdırdılar.

Dükanların, dəlləkxanaların qapı-pəncərələri bağlandı, pərdələr endirildi. Küçədə olan adamların hamısı yolun hər iki qırağında dizi üstə çöküb alınlarını torpağa qoydular və səcdə vəziyyətində gözləməyə başladılar.

Yalnız padşah öz dəstəsi ilə yanlarından ötüb keçəndən sonra ayağa durdular.

Davulçalanın arxasınca əlində üstü şəkilli və yazılı, uzun dəstəkli bayraq tutmuş bayraqdar təntənəli addımlarlla ağır-ağır gedirdi. Onun arxasınca isə əllərindəki uzun nizələri dik tutmuş dəmir zirehli əsgərlər addımlayırdılar. Ortada iki atlı var idi.

Atlıların arxasınca yenə zireh paltarlı, nizəli əsgərlər nizami addımlarla irəliləyirdi. Zirehlərinin şaqqıltısı ilə davulun ritmik gurultusu qədimi bir simfoniya kimi səslənirdi.

Ortada gedən atların biri ağ rəngli və maral kimi xallı, o birisi isə qapqara idi. Padşah ağ, vəzir isə qara ata süvar olmuşdu. Bütün bunları bizə atam başa salırdı.

Yəhərin altından salınan qızılı işləmələrlə zərlənmiş tərlik, ağ atın belindən aşağıya - üzəngilərə tərəf uzanaraq, atın bədəninin yarısını boyaboy örtmüşdü.

At nazlı-nazlı yeridikcə yəhərə vurulmuş daş-qaşlar parıldayır, belindəki zərli xalı rəngdən-rəngə düşür, atın uzun yalmanını və qara gözlərini daha qiymətli edirdi. Alnından sallanan bəzəkli qaşqalıq və sinəsinə vurulmuş çoxqaşlı, qiymətli döşbənd atı hələ uzaqdanca zəngin göstərirdi.

Vəzirinə nisbətən padşah xeyli cavan idi. Onun səliqəli, qara saqqalı vardı. Başına zərləri bərq vuran qırmızı, məxməri dolağa bənzər papaq və üstındə çox da böyük olmayan tac qoymuşdu.

Yəqin ki, bu, bir gəzinti tacı idi. Uzun çəkməli ayaqlarını gümüşü üzəngiyə dayamışdı.

Əynindəki boynu qızılı, yaxası isə ətəklərinə qədər gümüşü və qızılı naxışlarla bəzədilmiş qara mahud arxalıq atın belinə tərəf dalğalanırdı.

Arxalığın altından isə yaşıl, yaxası qızıl düyməli köynək görsənirdi. Barmaqlarının hamısına müxtəlif qaşlı üzüklər taxmışdı. Qara gözləri ətrafa qəzəb saçırdı.

Yol boyu vəzir öz atının üstündən padşaha tərəf əyilərək nə haqdasa sakitcə söhbət eləyirdi.

Çal saqqallı vəzirin başında isə qara məxməri, zərli dolağa bənzəyən papaq vardı. Əynindəki paltarı təmtəraqlı olsa da, padşahınkından xeyli sönük idi.

Vəzirin atı ağıllı görünürdü, ancaq çox bəzənməmişdi.
Mustafa bu mənzərəni diqqətlə seyr edir, davulçalanı səsləyir, atılıb-düşür, qışqırıb padşaha əl eləyirdi. Bütün bunlara baxmayaraq, onlar bizi nə eşidir, nə də görürdülər.

Padşahın adamları şaqqıltı-gurultuyla keçib gedəndən sonra küçə yenidən canlandı, saqqallı, qıllıpapaq adamlar yenə peyda oldular, çadralı qadınlar göründü, ayaqyalın, palçıqlı uşaqlar yollarda yenidən şütüməyə başladılar.

Mustafa uşaqları da səsləyir, onlara əl eləyirdi. Lakin bizi heç kim görmürdü, sanki biz heç yoxmuşuq.

Hətta ayaqqabılarımız belə oradakı palçığa bulaşmamışdı. Sizi bilmirəm, keçmişi seyr eləmək Mustafayla mənim çox xoşumuza gəlmişdi.

Sonra atam dedi ki, hələ bu harasıdır, bir azdan biz Gələcək küçəyə də gedəcəyik.

Mustafa hamıdan çox sevinirdi, hiss edirdi ki, qarşıda bizi yenə maraqlı mənzərələr gözləyir. Yenə Mustafa qabaqda atamla, mənsə anamla, onların arxasınca gedirdik. Xeyli getdikdən sonra atam bizi dayandırıb şən səslə dedi: "Hazır olun, indicə Gələcək küçəyə girəcəyik!"

Doğrudan da, tini burulan kimi qəfildən gözəl və yaraşıqlı bir küçəyə daxil olduğumuzu gördük.

Bu enli küçə büllurabənzər rəngli daşlarla döşənmişdi. Küçənin kənarlarında evlərin qabağı boyu cərgəylə gözəl ağaclar düzülmüşdü. Nədənsə burada çoxmərtəbəli hündür evlər yox idi. Evlərin hamısı iki-üç mərtəbəli və çox yaraşıqlı idi.

Bütün küçə boyu evlərin qabağında, ağacların ayağı altında cərgəli yamyaşıl çəmənlik uzanırdı.

Cərgələrdə həm meyvə ağacları, həm də xoş yarpaqlı sərin meşə ağacları vardı. Ağacların budaqlarında, gövdəsində hərdən uzunquyruq dələlər görünür, gözəl şanalı, bəzəkli quşlar səs-səsə verirdi.

Buradakı evlər də çox yaraşıqlı idi. Bu evlər öz gözəlliyi ilə sanki bizim qədim kirəmitli evləri, müasir üslublarda yamsılayırdı.

Evlərin aşağı mərtəbələrini işıqlı mağazalar və müxtəlif kafelər bəzəyirdi. Onu da deyim ki, əsərdə hərdən rast gəldiyiniz böyüklərə uyğun qəliz cümlələrin hamısı atama məxsusdur.

Atam bizə izah elədi ki, burada hər şey günəş enercisi ilə işləyir. Küçədə maşınlar şütümürdü.

Bilirsinizmi niyə? Çünki burda, ümumiyyətlə, maşın lazım deyil.

Adamlar küçədə piyada gedirlər. Onlar getdikləri yerdə istədikləri qədər ayaqlarını yerdən üzüb uça bilirlər. Hərdən ayaqlarını yerdən götürüb havada süzərək irəlidə yerə enən adamlara heyrətlə baxırdıq.

Adamların hamısının dabanına xırda, parıltılı cihaz bərkidilmişdi. Atam onların uça bilməyini dabanlarındakı cihazlar və ciblərinin yanındakı düymələrlə izah eləyirdi. O, deyirdi ki, daban cihazları da günəşdən alınma enerci ilə işləyir.

Burada hər bir insanın, bütün bədənini əhatə eləyən gözəgörünməz aurası, müdafiə qatı var.

Həmin o gözəgörünməz enerci qatı onları istənilən qəzadan, toqquşmadan qoruyur. Onlar daima öz gözəgörünməz hava şarının içində olurlar. Hamımızdan çox heyrət eləyən Mustafa idi.

Hələ bu harasıdır! Göydə raketəbənzər hava gəmiləri uçuşurdu.

Evdəki flamasterlərimizin hər rəngindən olan bu rəngarəng hava gəmilərini aşağıdan yuxarıya seyr eləyən Mustafanın ağzı açıla qalmışdı.

Bütün bu mənzərələrin bizə maraqlı görünməyi atamı çox sevindirdiyindən gördüyümüz hər şeyi bizə izah eləməyə çalışırdı.

Göydə üzən gəmilərdə tək-tək, ikibir, üçbir əyləşən adamlar sanki gəzintiyə çıxmışdılar.

Mən ona görə gəzinti deyirəm ki, bəzi istisnaları çıxmaq şərtilə heç kim gəmisini sürətlə sürmürdü. Gəmilərin yarıdan yuxarısı şəffaf şüşəylə örtüldüyündən içəridəkiləri görmək asan idi.

Atam izah eləyirdi ki, uçan gəmilər də günəş enercisi ilə işlədiyindən onların uçuşu belə səssizdir.

Və heç vaxt, özün istəsən belə, qəzaya uğramır, bir-birilə toqquşmurlar. Adam-larda olduğu kimi, bu hava qayıqlarının da qalın, böyük, gözəgörünməz aura qatı var.

Buradakı insanlar çox gümrah, üzləri çox sağlam görünürdü. Bizim təmtəraqlı paltarlarımızla müqayisədə onların geyimləri çox sadəydi.

Gələcəyin bu uçan adamlarına anam da çox heyrətlə tamaşa eləyirdi.

Belə gözəl, səliqəli, yaşıl ağaclı, yaraşıqlı binaları olan küçədə yeridikcə gələcəyin möcüzəli adamlarını seyr elədikcə, bizi belə bir gəzintiyə gətirdiyi üçün atamı daha çox sevməyə başlayırdım.

Atam yavaş-yavaş, səbrlə addımlayır, əlini uzadaraq hər şeyi bizə göstərir, izah edir, gülümsəyirdi.

"Bizim onları görməyimizə baxmayaraq, onlar bizi görmür.

Əgər istəsək belə nə onlar bizə, nə də biz onlara toxuna bilərik. Buradakı mağazalardan da xatirə qalsın deyə özümüzə heç nə ala bilmərik. Biz hər şeyə yalnız tamaşa eləyə bilərik".

Onun sinəsini bəzəyən medal pencəyinin yaxasında şəstlə yellənirdi.

Sonra biz üçüncü - İndiki küçəyə gəldik. Küçənin hər iki üzündəki binaların birinci mərtəbəsini şüşəli mağazalar, kafelər və müxtəlif ofislər bəzəyirdi.

Biz artıq bu küçədə mağazalardan, yaxud küçədə quraşdırılmış xırda pavilyonlardan nəsə ala bilərdik. Ağacın altında işıqlı bir şüşə qurğuda qarğıdalı qovurub satan oğlandan qarğıdalı aldıq.

Bunu Mustafanın arzusu ilə elədik.

Biz pardaqlanmış yüngül və ətirli qarğıdalı dənələrini yeyə-yeyə, atamla anamın arasından ora-bura boylana-boylana gedirdik. Küçədə düzülmüş müxtəlif oyuncaqların yanında xeyli ayaq saxladıq.

Çox maraqlıdır ki, hətta atamın təkidinə baxmayaraq Mustafa onu heç bir oyuncaq almağa qoymadı.

Yəni "artıq mən böyümüşəm". İrəlidə xüsusi qəfəslərdə satılan ev dovşanları, balaca tikanlı kirpilər, dələlər, müxtəlif rəngdə quşlar çox xoşumuza gəldi. Maraqlıdır ki, Mustafa bu heyvanlardan da istəmədi. Mağazalardakı və küçələrdəki satıcıların hamısının çiynində balaca meymun var idi.

Mən o meymunların satıcı və kassirlərin çiynində nə üçün oturduqlarını soruşdum. Atam dedi ki, onlar ticarət adamlarıdır, onların alverdən başlarını qaşımağa vaxtları yoxdur.

Ona görə də hərəsi özünə bir meymun alıb çiyninə qoyub ki, meymunlar onların başını qaşısın.

Sonra anam yada saldı ki, böyük qastronomdan evə ərzaq almaq lazımdır. Biz gəzə-gəzə qastronoma yaxınlaşırdıq.

Axşama dönüncə artıq küçədə adamlar artmışdı. Ətrafımızda adamlar o üz-bu üzə axışır, hərdən də ayaqlarında diyircəkli konki və diyircəkli taxta olan uşaqlar yan-yörəmizdən şütüyürdülər. Biz şüşəli, işıqlı və zəngin qastronoma tərəf gedirdik.

Qastronomun qabağı naxışlı daşlarla döşənmişdi.

Burada dibi yaşıl otla örtülmüş ağaclar və yumru salxım lampaları olan alçaq küçə işıqları düzülmüşdü. Mağazanın önünə yaxınlaşar-yaxınlaşmaz bir qızcığaz balaca əlini irəli uzadaraq bizdən pul istədi.

Atam onun qolundan tutub mağazanın qarşısına gəldi və "sənə nə olub, qızım?", - deyə ondan soruşdu.

Qızcığaz: "anam xəstədir, bizə pul lazımdır", - deyib ağladı. Mağazanın o başında qucağında körpə uşaq tutmuş cavan bir qadın oturmuşdu.

Atam ona tərəf gedərkən qabağımıza eynəkli və əsalı bir qarı çıxıb əlini bizə sarı uzatdı.

Mustafa bu adamlara baxıb çaş-baş qalmışdı. Mən hiss eləyirdim ki, burda nə isə xoşagəlməz hadisələr baş verir. Atam sarsılmış görünürdü. O, qarıdan soruşdu ki, "ay ana, nə üçün dilənirsən?". Qarı atamın üzünə dik baxıb belə dedi:

-Dilənməyim neyləyim, oğul? Evdə bir xəstə yoldaşım var, hökumət də bizə baxmır.

Şəhərin mərkəzində qoymurlar dilənməyə, yenə axşamlar burda durub çörəkpulu yığa bilirəm. Özü də şəhərdə bizim kimilər çoxdu, dilənməyə də qoymurlar, çoxusu daxmasında acından ölür.

Atam cibindən xeyli pul çıxarıb qarının ovcuna qoydu və onun barmaqlarını öz əli ilə pulun üstünə qatladı. Atamın rəngi ağappaq ağarmışdı.

Biz qızcığazın qucağıkörpəli anasının yanına gəldik. Atam yaylığı kənar eləyərək qadının qucağındakı körpənin üzünə baxdı və dikələrək pencəyinin yaxasında bərq vuran medalı açıb da körpənin üstünə qoydu.

Bu mənzərədən mən də, anam da, Mustafa da, körpənin və qızcığazın anası da - hamı çaşıb qalmışdı. Anamın üzündə sarsıntı varıydı. Mən ondan soruşdum ki, burada nə olub və bu adamlar kimdir? Anam mənə tələsik dedi ki, sənə hər şeyi sonra izah eləyərəm.

Mağazanın bu biri başında da kişili-qadınlı cərgəylə bir xeyli adam əllərini irəli uzadaraq başlarını aşağı salmışdılar.

Atam irəlidə Mustafanın qolundan dartaraq yeyin-yeyin gedirdi.

Anamla mən onlarla güclə ayaqlaşırdıq. Atam taksi saxlatdı. Biz taksiyə yaxınlaşana qədər Mustafanı arxada oturdaraq bizim gəlib çatmağımızı gözlədi. Anam məni Mustafanın yanında oturdandan sonra özü də yanımızda əyləşdi.

Atam arxa qapını örtdü və qabaq qapını açaraq sürücünün yanında əyləşdi.

Taksi darvazamızın yanına çatıb dayandı. Atam bizi düşürüb taksinin pulunu verdi.

Maşın qapımızın ağzından cəld dönərək geri qayıtdı. Atam açarı çıxarıb həyət qapısını açdı və biz həyətə doluşduq. Atam qabağa keçib yeyin-yeyin evimizə daxil oldu. Anam da, biz də onun arxasınca dinməz-söyləməz içəri keçdik.

Atam öz otağına girdi, biz də onun arxasınca…

Mənə elə gəlirdi ki, anam nədənsə çox həyəcanlıdır.

Atam divar mebelinin yuxarı gözündən medalın qırmızı diplomunu çıxartdı və onu sağ əlindən sol əlinə, sol əlindən isə sağ əlinə ötürərək pencəyini soyundu. Sonra diplomu tən ortadan iki yerə bölüb ayağının altına atdı, ayaqqabısının dabanıyla gücü gəldikcə tapdalamağa başladı.

O, bu bəzəkli, zərli diplom parçalarının üstündə atılıb düşür, yenə ürəyi soyumurdu ki, soyumurdu.

Elə bil bu kağız parçalarından kiminsə heyfini alırdı.

Qırmızı, dördkünc kağız parçalarının üstündə atılıb-düşdükcə kürəyində çarpazlanmış zolaqlı kəmər onu xeyli gülməli göstərirdi. Ancaq mən bilirdim ki, vəziyyət gülməli deyil.

Atam diplomun parçalarını götürüb yenidən onları ortadan dartıb bir neçə yerə böldü və yenə də ayaqlarının altına atıb "ux-əx" - "hax-həx" eləyə-eləyə tapdaladı.

Biz atamın bu hərəkətinə sakitcə tamaşa eləyirdik.

Divara söykənmiş anam bizi də əlləri ilə sağ-solunda divara qısıb saxlamışdı. Nəhayət, atam yoruldu və tövşüyə-tövşüyə divanda əyləşdi. Onun alnı tərləmişdi. Anam bizi otaqdan çıxartdı və özü də arxamızca çıxdı.

Biz öz otağımıza gəldik. Bir azdan atam tərəfdən tüstü iyi aynabəndə yayıldı.

Sonra o, anamı öz otağına çağırdı. Anam qayıdıb aynabəndin zirzəmisindən ona şərab apardı və sonra yenə bizim yanımıza qayıtdı. Mustafa yatmaq istəyirdi.

Mən anamdan soruşdum ki, atam nə üçün bu qədər əsəbiləşib? Anam mənə belə dedi:

- Nə vaxtsa mən bir əsər oxumuşdum, adı "Bulud pinəçisi" idi. Orda təxminən belə bir cümlə vardı: "Bil ki, romantika real həyatla toqquşanda həmişə ona məğlub olur…".