«Qəhrəman Ana» adı bərpa oluna bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi «Qəhrəman Ana» adının bərpa olunması təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, bu barədə komitənin sədri Hicran Hüseynova dekabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanda vəziyyətin o qədər kritik olmadığını qeyd edən H. Hüseynova bununla belə, bəzi hallarda ailələrin bir-iki uşaq istədiyini diqqətə çatdırıb: «Düşünürük ki, «Qəhrəman Ana» adının bərpa olunması uşaqların sayının artırılmasında stimul rolunu oynaya bilər».

Komitə sədri «Qəhrəman Ana» adının dünyaya 7 uşaq gətirən qadınlara verilməsinin nəzərdə tutulduğunu söyləyib.

H. Hüseynova deyib ki, bununla bağlı komitə tərəfindən təkliflər hazırlanır. Təkliflər gələn il ərzində aidiyyəti qurumlarına təqdim olunacaq.