Əfqanıstan Obamanın qərarına qarışıq reaksiya verir

«Taliban» bildirir ki, əlavə Amerika qoşununun gəlişi Əfqanıstandakı müqaviməti yalnız artıracaq

Amerika prezidenti Barak Obamanın Əfqanıstana əlavə 30 min əsgər göndərmək qərarına Əfqanıstanda reaksiyalar qarışıqdır.

AzadlıqRadiosunun Kabil bürosunun küçələrdə keçirdiyi sorğuda çoxusu deyir ki, təkcə hərbi güclə ölkəyə sülh və sabitlik gətirmək olmaz.

«AMERİKA BİZİM POLİSƏ VƏ ƏSGƏRLƏRƏ TƏLİM KEÇSƏ…»

Gənc jurnalist Sadiq Yusifi:

«Biz nə vaxtacan oturub, Amerikanın bizim yerimizə bizim problemləri həll edəcəyini gözləyəcəyik. Amerika bizim polisə və əsgərlərə təlim keçsə, daha onların əsgərlərinə ehtiyac qalmaz».

Gələn ilin əvvəlindən Əfqanıstana 30 min əlavə əsgər göndərməklə buradakı ABŞ qoşunlarının sayını 100 minə çatdıracaq Barak Obama bununla belə, xəbərdarlıq edib ki, Amerika Əfqanıstanda sonu bilinməyən müddətə qalmaq fikrində deyil.

Obama deyib ki, hökumət 2011-ci ilin iyulundan Əfqanıstandan qoşunları çıxarmağa başlamağı planlaşdırır. Aradakı «18 ayda isə Əfqanıstan ordusunun gücünün artırılması nəzərdə tutulur».

«OBAMA ƏFQANISTANDAN AMERİKAYA DAHA ÇOX TABUTUN GEDƏCƏYİNİ GÖRƏCƏK»

Əfqanıstanın Xarici İşlər naziri Dadfar Spanta 18 ay müddəti ilə razıdır:

«18 aya Əfqanıstan məsuliyyəti öz boynuna götürməyə hazır olacaq».

Əfqanıstana əlavə qoşun göndərilməsi qərarına «Taliban» da reaksiya verib. «Taliban»ın sözşüsü Yusif Əhmədi deyib ki, «Obama Əfqanıstandan Amerikaya daha çox tabutun gedəcəyini görəcək».

«Taliban» bildirir ki, əlavə Amerika qoşununun gəlişi Əfqanıstandakı müqaviməti yalnız artıracaq.