Zəvvarlar Astara gömrük-keçid məntəqəsini iflic edib

«İran-Azərbaycan sərhədinin Astara keçid məntəqəsində təxminən 3000 rusiyalı zəvvar sərhədi bağlayıb. Bu səbəbdən Astara gömrük-keçid məntəqəsinin işi faktiki iflic durumdadır». Bu barədə AzadlıqRadiosuna Astara Terminalının direktoru Rəfael Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Rusiyadan Məkkəyə gedən zəvvarlar noyabrın 27-də Qurban bayramında Səudiyyə Ərəbistanına çata bilməyəcəklərindən ehtiyatlanaraq Astara gömrük məntəqəsi əməkdaşlarından onları yoxlamadan sərhəddən keçirməyi tələb edir.

Gömrük işçiləri isə bütün qanuni prosedurların keçilməsinin vacibliyini bildirərək onların tələblərini yerinə yetirməkdən imtina edirlər. Zəvvarları aparan minik maşınları və avtobuslar isə sərhəd yolunda bir neçə kilometrlik tıxac yaradıb.

Bu səbəbdən İran və Azərbaycan vətəndaşları da sərhədi keçə bilmir.