Parlament büdcə müzakirələrinə başladı

Noyabrın 10-da Milli Məclis «2010-cu ilin dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb. Müzakirələrin üç gün davam edəcəyi gözlənir.

Müzakirələr zamanı ən çox mübahisə predmeti olan neftin büdcədəki qiyməti ilə bağlı deputatların hazırladığı təkliflər də səsləndiriləcək. Millət vəkilləri həmçinin büdcə zərfinə daxil olan digər sənədlərə də münasibətlərini bildirəcəklər.

Bu il olduğu kimi, gələn il də Azərbaycanın dövlət büdcəsinin təqribən yarısı neft pulları hesabına formalaşacaq. 2010-cu il üçün büdcə layihəsində deyilir ki, Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.

2010-cu ildə büdcə kəsiri də əvvəlki illə müqayisədə 7 dəfə artaraq tarixində ilk dəfə 1 milyard 249 milyon manata çatacaq. 2009-cu ildə büdcə kəsiri 178 milyon manat olub.

Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə büdcə xərcləri 8.8 faiz və ya təqribən 1 milyard manat azalıb.

2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz və ya 2.162 milyard manat azdır.