Jurnalistlər kredit ittifaqı yaradıb

Media nümayəndələri illik 20 faizlə kredit ala biləcəklər. Amma bunun üçün kredit verən təşkilata üzv olmaq lazımdır.

KİV nümayəndələrinin Kredit İttifaqları Təşkilatının İdarə Heyətinin sədri Samir Əmirov deyir ki, bu qurumu əsasən jurnalistlər təsis edib: «Biz istəyirik ki, həmkarlarımızın kredit almaq imkanı olsun. Bunun üçün təşkilata üzv olmaq lazımdır. Ancaq əvvəlcə fiziki şəxslər minimum 40 manat, hüquqi şəxslər isə 300 manat ödəməyə ehtiyac var».

Samir Əmirovun sözlərinə görə, payçı qoyduğu məbləğin 8 faizi həcmində illik gəlir əldə edəcək:

«Biz əsasən istehlak kreditlərini maliyyələşdirəcəyik. Bura doqquz xidmət daxildir. Həmkarlarımız ev, maşın təmirindən tutmuş, mebel, texniki avadanlıq almağa qədər, o cümlədən ritual mərasimləri keçirməkdən ötrü kredit üçün müraciət edə bilərlər».

Təşkilatın nizamnaməsinə görə, hər bir üzv qoyduğu payın 10 misli qədər kredit götürə bilər. Samir Əmirov deyir ki, hələlik onlar yeni təşkilat olduğu üçün bu, 3-5 misil həcmində müəyyənləşib.

İndiyədək Azərbaycanda əsasən fermerlərin kredit ittifaqları yaradılıb.