Gəncədə bir qrup dindarla polis arasında qarşıdurma olub

Gəncədə Şah Abbas məscidi

Noyabrın 3-də Gəncədə bir qrup dindarla polis arasında qarşıdurma olub. Dindarlar azanın səsgücləndirici vasitəsilə verilməsinin dayandırılmasına etiraz ediblər.

AzadlıqRadiosunun bölgə müxbiri Gülnur Raqifqızı xəbər verir ki, aksiya iştirakçıları avtomobil yolunu kəsməyə cəhd göstəriblər, amma polis bunun qarşısını alıb.

Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev etiraz edən dindarlarla görüşüb və bu prosesin dövlət səviyyəsində baş verdiyini söyləyib. O gəncləri təxribata yol verməməyə çağırıb.

Ötən həftənin sonu Bakının mərkəzində bir neçə məsciddə azanın səsgücləndiricilərlə verilməsinə qadağa qoyulub. Bəzi məscidlərdə azan çox zəif, bəzilərində isə ümumiyyətlə verilməyib.

Qafqaz Müsəlmanları İdarəsi hər hansı məsciddə azana qadağa qoyulmadığını bildirir. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhmə Dadaşovanın AzadlıqRadiosuna dediyinə görə, sadəcə bəzi yerlərdə insanların narahatlığı baxımından azanın səsinin azaldılması qərara alınıb.