Böyük Britaniyanın səfiri Naxçıvanda olub

Karolin Braun

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun Naxçıvana üç günlük səfər edib. Səfər zamanı xanım səfir Naxçıvan Dövlət Televiziyasında çıxış edib, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüşdə iqtisadi-sosial məsələlərə toxunulub, təhsil və mədəniyyət sahəsində münasibətlərin genişləndirilməsinə dair müzakirələr aparılıb.

K.Braun Naxçıvandakı Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinə də baş çəkib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirinin məlumatına görə, burda ona Muxtar Respublikada insan haqları və mətbuatın vəziyyəti haqda məlumat verilib və bu mövzuda geniş müzakirələr aparılıb.

K.Braun son dövrlər Muxtar Respublikada təzyiqə məruz qaldıqlarını iddia edən bir neçə yerli sakinlə də görüşüb və onları dinləyib.

Səfir həmçinin siyasi partiyaların Naxçıvan təşkilatlarının sədrləri ilə görüşdə Muxtar Respublikada bələdiyyə seçkisi öncəsi ictimai-siyasi vəziyyəti müzakirə edib.