Agdaşda silahlı insident baş verib, ölən var

Ağdaşda silahlı insident

Ötən gün Ağdaş rayonunda silahlı insident baş verib. Ağdaş rayon Prokurorluğundan «Turan»a verilən xəbərə görə, oğurluq maddəsilə axtarışda olan Ağdaş sakini 52 yaşlı Rüzman Hüseynovun Kotavan kəndindəki evində olması barədə məlumat daxil olub. Polis onu zərərsizləşdirmək məqsədilə evinə gedib. Bu zaman R.Hüseynov polis əməkdaşlarına qumbara atıb, sonra isə avtomatdan atəş açmağa başlayıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Polislər arasında xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerindən qaçan R.Hüseynov Kotavan kəndinin keçmiş icra nümayəndəsi, 38 yaşlı Baxşəli Seyfəlovu evində silahla qətlə yetirib, digər kənd sakini, 37 yaşlı Famil Əhmədovu isə yaralayıb. Əhmədovun vəziyyəti hazırda yüngüldür.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.2 (qəsdən adam öldürməyə cəhd), 120.2.10 (qəsdən adam öldürmə), 228 (qanunsuz odlu silah gəzdirmə) və digər maddələrlə cinayət işi başlanıb. Hazırda Ağdaş rayonunda və ətraf rayonlarda polis gücləndirilmiş iş rejiminə keçib, R.Hüseynovun axtarışları davam etdirilir.