«Hüquq mühafizə orqanları rüsvayçılıqla məşğuldur»

Cəmil Həsənli

«Hüquq mühafizə orqanları, yüngül həyat tərzi keçirən, narkotika ilə bağlı, axtarışda olan adamlar vasitəsilə jurnalistləri şərləyib tutdururlar. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid də belə tutulub. İndi artıq polis həmin şikayətçini saxlayıb və məlum olub ki, o Qəniməti tutduranda da, polisə gəlib ifadə verəndə də axtarışda imiş».

Deputat Cəmil Həsənli payız sessiyasının ilk iclasında parlament rəhbərliyinə müraciətində belə deyib. Onun sözlərinə görə «Realnıy Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev də təxminən buna oxşar formada həbs olunub. Millət vəkilinin fikrincə, bu yolla jurnalistlərin həbs olunması rüsvayçılıqdır.

«Hazırda Adnan Hacızadə və Emin Millinin iş ilə bağlı məhkəmə prosesi gedir. Mən bir deputat kimi xəcalət çəkirəm ki, bizim hüquq mühafizə orqanları istedadlı gəncləri həbs etmək üçün necə saxtakarlıqlara əl atırlar».

Vitse-spiker Ziyafət Əsgərov isə hesab edir ki, Qənimət Zahidin günahı sübuta yetirildiyi üçün həbs olunub:

«Günahı olanlar cəza almalıdırlar. Azərbaycan qanunvericiliyi günahı olmayanların həbsə salınmasına imkan vermir».