ƏNDİCAN: FACİƏ YADDAŞLARDA...

Xüsusi təyinatlılar qiyamı qəddarlıqla yatırdıqdan sonra Əndican küçələrində keşik çəkirlər - 2005-ci il mayın 12-dən 13-ə keçən gecə silahlılar Özbəkistanda Əndican şəhər icra hakimiyyətinin binasını zəbt etdilər. Hərbi qarnizona və həbsxanaya hücum edib, məhbusları azad etdilər. Səhəri mərkəzi meydanda böyük izdiham yığıldı. Hökumət ora qoşun və texnika göndərdi

Əndicanda toqquşmalarda yandırılmış avtomobillər - 13 may nümayişi zamanı hərbçilər xəbərdarlıq etmədən kütləyə atəş açdılar, qadın və uşaqlar da daxil olmaqla yüzlərlə adam qətlə yetirildi. Nümayişçilərin çoxu həbsxananı tutan qiyamçılara dəstək verməyə yox, sosial şəraitin yaxşılaşdırılmasını tələb etməyə yığışmışdılar

Əndican sakinləri toqquşmalarda ölənlərin cəsədlərini daşıyırlar - İnsan haqları fəalları bildirir ki, toqquşmalarda 1000-ə yaxın adam həlak olub. Onların əksəriyyəti mülki şəxslərdir. Hökumət isə ölənlərin sayının 200 nəfəri keçmədiyini, onların da çoxunun xarici qüvvələrin dəstəklədiyi ekstremistlər və hərbçilər olduğunu deyir

Qiyam yatırıldıqdan sonra insanlar ölənlər üçün dua edirlər - Sakinlərin bəziləri deyirlər ki, ölənlərin real sayını gizlətmək üçün bəzi cəsədlər hadisə yerindən yığışdırılıb. Toqquşmalardan sonra bəzi ailələr aylarla itkin düşmüş yaxınlarını axtarırdılar. Onların öldüyü, ölkədən qaçdığı, yoxsa tutulduğu bilinmirdi

Qırğızıstanın Baraş sərhəd kəndi yaxınlığındakı düşərgədə özbək qaçqını - Zorakılıqdan dərhal sonra yüzlərlə özbək Qırğızıstana qaçdı. Qırğızıstan axını dayandırmaq üçün ilk günlər sərhədləri bağladı. Bu, yeni etirazlar və iğtişaşlara səbəb oldu. BMT Qırğızıstana qaçan özbəklərə qaçqın statusu verdi və onların üçüncü ölkəyə köçməsinə yardım etdi

Əndicandan olan özbək qadını Çex Respublikasındakı qaçqınlar üçün yataqxanada - Əndicandan olan bəzi qaçqınlar Avropa, və ya Şimali Amerikaya köçdülər. Sonradan onların çoxu Özbəkistana qayıtdılar. Amma bəziləri qorxurlar ki, evlərinə qayıtdıqda təqib olunacaqlar

15 nəfər Əndican sakini terrorizm ittihamıyla Özbəkistan Ali Məhkəməsində mühakimə olunur, 15 sentyabr 2005 - Əndican hadisələrindən sonra çox sayda özbək məhkəmə təqibi ilə üzləşdi. 15 nəfərə qətl və terrorçuluq ittihamı ilə iş kəsildi. Amma qırğını araşdıran bəzi jurnalist və insan haqları fəalları da şübhəli ittihamlarla həbsə atıldılar

Əndican küçələrində prezident Kərimovun gülümsəyən şəkli - Özbəkistan prezidenti İslam Kərimov deyir ki, Əndican hadisələrini xaricdən dəstək alan ekstremist qruplaşmalar təşkil edib. O, hadisənin müstəqil araşdırılması tələbini rədd etdi. Rəsmilərdən heç biri xalqa qarşı hərbi gücdən istifadəyə görə məsuliyyətə cəlb olunmadı

Qırğının ilk ildönümündə Brüsseldəki Özbəkistan səfirliyi qarşısında prezident Kərimova qarşı etiraz aksiyası - Əndican hadisələrinə görə Avropa Birliyi Özbəkistana qarşı sanksiyalar qoydu. Amma siyasi məhbusların bəziləri azad edildikdən sonra sanksiyalar dayandırıldı. Hüquq müdafiəçiləri dünya liderlərinə təzyiq edirlər ki, onlar Kərimov hökumətinə qarşı daha qəti mövqe tutsunlar