NAXÇIVAN ETÜDLƏRİ…

…İndi Naxçıvanda müəllimlərə qələmdən də çox, bel, kətmən, dəhrə və yaba kimi kənd təsərrüfatı alətləri lazım olur. Şənbə və bazar günləri onlar üçün sinif otaqlarını parklar, xiyabanlar, əkin sahələri əvəz edir…

Həkimlər də məcburi qaydada iməciliyə çıxarılırlar. Onlar da küçə süpürür, parklardakı ağacları, gülləri becərirlər...

Naxçıvana gedib-gəlmək həmişə çətin olub. Blokadada olan əraziyə indi gedib-gəlmək üçün insandan daha böyük səbir, daha böyük imtiyaz tələb olunur. Pul-para da öz növbəsində. Hərçənd Tarif Şurası Naxçıvana təyyarə biletinin qiymətini heç də artırmayıb…

Hava limanında gözləyənlərin arasında uşaqlı, körpəli analar da var idi. Bir ana 4-5 yaşlı uşuğını yatızdırıb, ürkək nəzərlərlə ətrafı seyr edirdi. Ana dəmir oturacaq üstündə yatan oğlunun başının altına döşəkcə qoyub, üstünə də dəsmal örtmüşdü…

Naxçıvanda deyirlər ki, «kartof ceyran belinə çıxıb». Yəni kartof qıtlığı var. Bazarlarda çox nadir hallarda kartofa rast gəlmək olur. Xırda çürük kartofu 1 manatdan ucuz almaq mümkün deyil…

Naxçıvanda torpaqların müəllim və başqa büdcə təşkilatlarında çalışan insanların ixtiyarına buraxılmasının başqa bir səbəbi də miqrasiyadır...

Ədalət partiyasının yerli təmsilçisi İsa Mirzəyev: «Naxçıvanda müxalifətçi olmaq o deməkdir ki, sən işsiz qalacaq, ailəni dolandıra bilməyəcəksən... Tayfaçılığın ən bariz nümunəsi Naxçıvandadır. Naxçıvanda rəsmi işlərdə çalışan bir müxalifətçi də yoxdur…»

Naxçıvanda hər addımbaşı İran İslam Respublikasının vətəndaşlarına rast gəlmək mümkündür: «Bir hissə ticarətə gəlir. Bir hissə restoranlarda çalıb-oynamağa, araq içməyə gəlir. Bir hissə də gəzməyə-görməyə …»