Prokuror Mərkəzi Bankın keçmiş işçilərinə cəza tələb etdi

Avqustun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mərkəzi Bankdan 7 milyard manatın oğurlanmasında (1 milyon 400 min yeni manat) təqsirləndirilən şəxslərə cəza tələb olunub.

Prokuror Mərkəzi Bankın Saxlanc şöbəsinin rəisi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Firəngiz Hacıyevaya 5, Hesablaşma departamentinin kassa-əməliyyat şöbəsinin rəisi Ərşad Cəlilova 6, xəzinədarlar Şahnaz Səmədovaya 10, Nazilə Bağırovaya 10, Könül İsmayılovaya 10, Səbinə Məmmədovaya isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər 2003-2008-ci illərdə Mərkəzi Bankdan qeyd olunan məbləğdə pul vəsaitinin oğurlanmasında birbaşa iştirak ediblər.

İbtidai istintaqın qənaətinə görə, oğurluq Mərkəzi Bankın əsas binasında və Nərimanov rayonu ərazisində yerləşən «Xəzinə-2» deyilən binada baş verib.

Təqsirləndirilən şəxslər özlərini ittihamlar üzrə təqsirli bilməyiblər. Onlar məhkəmə ifadələrində bildiriblər ki, qeyd edilən pul kütləsini xəzinədən gizli yolla çıxarmaq qeyri-mümkündür. Müəmmalı şəkildə yoxa çıxmış pulların taleyinə aydınlıq gətirilməsi üçün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun məhkəməyə dəvət olunmasını xahiş ediblər. Təqsirləndirilən şəxslərin bununla əlaqədar vəsatətləri hakim tərəfindən təmin edilməyib.