İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

«Beş ay sonra bu məsələni yenidən qabartmaq, mən başa düşə bilmirəm kimin marağındadır»

İctimai Televiziyanın (İTV) rəhbəri İsmayıl Ömərov «Eurovision» mahnı müsabiqəsilə bağlı yenidən hansısa məsələnin gündəliyə gətirilməsinin əleyhinədir. O, müsabiqə ilə bağlı səslənən iradlarla əlaqədar yarışmanın keçirilməsi üzrə məsul komitəyə – Nəzarət Qrupuna beş ay əvvəl məlumat verildiyini və məsələnin də bununla bitdiyini deyir:

«Ermənilər bu şikayəti may ayında vermişdilər. Biz də onun izahatını vermişdik. Avropa Yayım Birliyi (EBU) nə qərar çıxarmışdı, biz də razılaşmışdıq».

«Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə - Nəzarət Qrupu yarışma vaxtı İTV-nin Ermənistan musiqiçilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı ittihamları müzakirə edib.

Qrup bildirib ki, əgər bu ittihamlar təsdiqlənərsə, televiziya cəzalandırılacaq.

Bundan əvvəl İTV AvropaYayım Birliyinə azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib.

İTV, 2 nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.

EBU İTV-nin yarışma vaxtı erməni müğənnilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı son qərarını iki həftə ərzində açıqlayacaq.