İlham Əliyev: «Xəzəryanı dövlətlərin Bakı sammitinə hazırlıq görürük»

Prezidentlər Aktauda, 11 sentyabr 2009

«Xəzəryanı dövlətlərin Tehranda keçirilmiş axırıncı sammitində qərara alındığı kimi, növbəti sammiti Bakıda keçirməyə hazırlaşırıq».

Bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Rusiya prezidenti Dmitri Medvedevin və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdə deyib.

«Əlbəttə, istərdik ki, biz Bakıda keçiriləcək sammitə konkret qərarlarla gedək. Elə edək ki, bu sammit də Tehran sammiti kimi irəliyə doğru böyük bir addım olsun. Tehran sammitinin qərarları çox vacibdir və əminəm ki, həmin qərarların həyata keçirilməsi nəticəsində Xəzər dənizinin delimitasiyası məsələləri dostluq, mehriban qonşuluq zəminində uğurla həll ediləcək. Bu gün ölkələrimiz arasında başqa sahələrdə də mövcud olan məsələləri müzakirə etmək üçün, sadəcə yaxşı imkan yaranıb», - deyə İlham Əliyev bildirib.

Sentyabrın 11-də Qazaxıstana səfərini başa vuran Azərbaycan prezidenti axşam Bakıya qayıdıb.