Bakının mərkəzində biznesmen özünü güllələyib

Bakının mərkəzində 36 yaşlı Şərur rayonunun Dügəndi kənd sakini Kənan Nağıyev özünü güllələyib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, o, avqustun 31-i saat 16.00 radələrində metronun Gənclik stansiyasının yaxınlığında “Ramstore” supermarketinin qarşısında odlu silahı başına dirəyərək özünü öldürəcəyini bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar onu fikrindən daşındıra bilməyiblər. O, "Vinçester" markalı silahdan atəş açaraq özünü vurub.

O, ağır vəziyyətdə 5 saylı klinik xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə yarası ilə daxil olan yaralı dərhal əməliyyata götürülüb.
Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev ANS PRESS-ə bildirib ki, K. Nağıyev "Vinçestr" markalı silahdan açdığı güllə ürək nahiyəsinin aşağı hissəsinə dəyib. İntihara cəhdin səbəbləri hələlik məlum deyil. Bu, K.Nağıyev dindirildikdən sonra məlum olacaq.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, K. Nağıyev Binə Ticarət Mərkəzində ticarətlə məşğul olurmuş.