Yevlax-Gəncə yarımstansiyasında yanğın baş verib

Yüksək gərginlikli Yevlax-Gəncə yarımstansiyasında yanğın baş verib. Nəticədə şəhərin bir hissəsi işıqsız qalıb.

Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın bu gün səhər saat 7:40 radələrində baş verib və yanğının qarşısı tez bir zamanda alınıb.

Gəncə Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, yarımstansiyada baş vermiş yanğına səbəb onun yağ açarında yaranmış qısaqapanma olub.

Nəticədə 5 ədəd yağ açarı yararsız hala düşüb. Hazırda 4-cü şəhər xətti və 2-ci mərkəz xəttindən enerji alan ərazilərə elektrik verilməsi dayandırılıb. Yarımstansiyanın təmiri üçün işlər görülür.