Amerikada hər kəs şəxsi peykə sahib ola bilər

Peyklərin orbitə ilk buraxılması 2010-cu ilin ortalarına planlaşdırılır

Amerikanın «İnterorbital Systems» kompaniyası arzu edən hər bir kəsə, 8 000 dollara, ev şəraitində yığılması mümkün olan peyk dəsti təqdim edir. Bu haqda kompaniyanın saytı xəbər verir.

Qiymətə, adıgedən kompaniyanın istehsalı olan «Neptun 30» daşıyıcı raketində, peyklərin orbitə çatdırılması da daxildir. Bu raket orbitə bir dəfəyə 30 mini peyk çıxaracaq.

TubeSat adı almış bu dəstə, aparatın müstəqil yığılması üçün detallar, korpus, günəş batareyaları, antenalar və mikrokompüter daxildir. Yığılmış peykin ümumi çəkisi 500 qrama bərabərdir.

Aparat yığılandan sonra istifadəçi öz detallarını da əlavə edə bilər. Bunun üçün istifadəçiyə 200 qramlıq faydalı yük yeri qalır. Hesab edilir ki, peyk bioloji araşdırmalarda, orbitdən aparılan foto çəkilişlərdə və bəzi reklam kompaniyalarında istifadə oluna bilər. Peyklərin orbitə ilk buraxılması 2010-cu ilin ortalarına planlaşdırılır.

Peyklərin nisbətən aşağı orbitə buraxılması nəzərdə tutulur bununla yanaşı peyklərin trayektoriyası elə hesablanıb ki, 2 həftə keçdikdə onlar özləri orbitdən çıxaraq atmosferdə yanacaqlar. Beləliklə şəxsi peyklərin kosmosa kütləvi buraxılmaları yer ətrafındakı kosmik fəzanın çirklənməsinə gətirib çıxarmamalıdır.