Tələbələr dönər yeyən baş nazirə etiraz ediblər

Baş nazir Ərdoğan

Avqustun 2-də axşam Ankaranın Kızılay rayonundakı bir restoranda dönər yeyən baş nazir Ərdoğana Ankara universitetinin 6 tələbəsi etiraz reaksiyası göstərib. Tələbələr hökumət başçısına: «Biz acıq. Oxumaq üçün dövlətin tələb etdiyi pulu ödəyə bilmirik. Siz dönər yeyirsiniz» kimi şüarlar ünvanlayıblar.

Tələbələrin bu etirazını görən xüsusi polislər onları nəzarətə götürüb. Ətrafdakı vətəndaşlar isə tələbələrə dəstək verib.

Türkiyə baş naziri indiyə qədər bir çox yerdə etirazlarla qarşılaşıb. 2005-ci ildə Mersində bir əkinçi baş nazir Ərdoğana «Nə qədər səbir edəcəyik-anamız ağladı» - şəklində reaksiya göstərəndə hökumət başçısı ona «Ananı da götür, get» - deyə cavab vermişdi.

Hökumət başçısının iqtisadi sıxıntıda olan vətəndaşla bu şəkildə rəftar etməsi ictimaiyyətin narazılığına səbəb olmuş, bitərəf media baş naziri sərt tənqid etmişdi.

10 gün əvvəl baş nazirin eskortu keçərkən ona metallist salamı verən 2 nəfər gənc də polis nəzarətinə alınaraq 21 saat sorğu-suala çəkilmişdi.