Tərəflər arasında razılıq əldə oluna bilər

«Azərsell» borclu şirkəti cəzalandırmaq üçün «Azerfone» istifadəçilərinin üçdə birinin kanallarını bağlamışdı

«Azerfone»un «Azərcell»ə 11 milyon manatlıq borcunun ödənməsi yönündə danışıqlar bu gün də davam edir. Gün ərzində tərəflər arasında razılıq əldə olunması gözlənir». Bu haqda «Azadlıq» radiosuna «Azərcell»in korporativ ünsiyyət və korporativ sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə deyib.

Danışıqlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri də iştirak edir. Ülviyyə Həsənzadənin sözlərinə görə, nazirlik danışıqlara xoş niyyətlə qatılıb və öz tövsiyələrini verir.

«Azercell»in sözçüsü bunu da deyir ki, bu səhərdən etibarən iki şəbəkə arasındakı arabağlantı kanallarını açıb.

«Şirkət xoş niyyətini nümayiş etdirmək istəyir. Danışıqlar sona yetənə qədər kanallar açıq qalacaq. Şəbəkədə heç bir problem olmayacaq. Hələlik borc problemi həll olunmamış qalmaqdadır. Rəsmilər arasında razılıq əldə olunan kimi mətbuata açıqlama verəcəyik».

«Azərsell» borclu şirkəti cəzalandırmaq üçün iyulun 22-də «Azerfone», yəni «Narmobile» istifadəçilərinin üçdə birinin kanallarını bağlamışdı. Və gün ərzində «Azərsell» istifadəçilərindən bəzi «Narmobile» abunəçilərinə zəng getmirdi.

Dünən həmçinin Bakı 1 saylı Yerli İqtisad Məhkəməsi şirkətin arabağlantılarını məhdudlaşdırmasını qadağan edən qərar çıxarmışdı. Ülviyyə Həsənzadə bu qərara hələlik münasibət bildirməkdən imtina etdi.

O ki qaldı, dünən şəhər telefonlarından və xaricdən «Azercell» abunəçilərinə zəng çatmamasına, şirkətin sözçüsü deyir ki, bu texniki problem artıq aradan qaldırılıb.