Ombudsman polis şöbəsindəki intiharla bağlı Baş prokurora müraciət edib

Ombudsman Aparatının əməkdaşları Lənkəran sakini 46 yaşlı Rüstəm Əliyevin rayon Polis Şöbəsində intihar etdiyi kameraya baxış keçiriblər.

Ombudsmanın mətbuat xidmətinin məlumatına görə, aparatın nümayəndələri əvvəl mərhumun ailə üzvləri ilə görüşüblər. Yaxınları rayon Polis Şöbəsində Rüstəm Əliyevin təzyiqə məruz qaldığını bildiriblər.

Lənkəran rayon Polis Şöbəsinin rəis müavini Tələt Şahverdiyev və müvəqqəti saxlanma təcridxanasının rəisi Xətai Rəcəbov isə mərhuma qarşı kimsə tərəfindən hər hansı təzyiq və zorakılıq hallarına yol verilmədiyini bildiriblər.
Ombudsman hadisənin obyektiv araşdırılması üçün Baş prokuror Zakir Qaralova müraciət edib.

İyulun 2-də Lənkəran rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan R.Əliyev kamerada özünü asaraq intihar edib.