Azərbaycan əhalisi Obamaya inanır

Azərbaycanlıların 76%-i Barak Obamanın dünya işlərində düzgün qərar verdiyini düşünür

«World Public Opinion» dünyanın 20 ölkəsində ABŞ-a və onun prezidenti Barak Obamaya münasibəti öyrənib. Onların arasında Azərbaycan da var.

ABŞ-ın Mərlən Universitetinin beynəlxalq siyasət proqramının təşəbbüsü olan «World Public Opinion»un keçirdiyi sorğunun nəticələri iyulun 7-də yayılıb.

Nəticələrə görə, Azərbaycanın əksəriyyəti müsəlman olan əhalisi inanır ki, prezident Barak Obama beynəlxalq məsələlərdə düzgün qərarlar verir. Azərbaycan həm də ABŞ-ın insan haqlarına hörmət etdiyinə ən çox inanan üçüncü ölkə olub.

Amma bu cür fikirlərə baxmayaraq, azərbaycanlılar həm də hesab edirlər ki, ABŞ-ın dünyada rolu mənfidir, bu ölkə öz mövqelərini möhkəmləndirmək üçün hərbi təhdidlərdən istifadə edir.
Sorğuda ortaya çıxan əsas faktlar:

  • Azərbaycanlıların dörddə-üçündən çoxu 76%-i Barak Obamanın dünya işlərində düzgün qərar verdiyini düşünür.
  • Rəyi soruşulanların 79%-i ABŞ-ın insan haqlarına hörmət etdiyini bildirib.
  • Azərbaycanlıların çoxu – 61%-i inanır ki, öz istədiyi işləri görməsi üçün ABŞ Azərbaycana bütün imkanları ilə təzyiq edir. Keçən il aparılan sorğuda da bu fikirdə olanlar eyni sayda idilər.
  • Sorğuda iştirak edənlərin 77%-i ABŞ-ın öz məqsədinə çatmaq üçün gücdən istifadə ilə hədələdiyini deyib.
  • Azərbaycanlıların 73%-i hesab edir ki, ABŞ beynəlxalq qanunların başqa ölkələr üçün tətbiq edilməsini istəyir. Amma özü bu qanunlara əməl etmir. Keçən il bu cür düşünənlərin sayı 78% olub.
  • Azərbaycanda rəyi soruşulanların 43%-i ABŞ-ın iqlim dəyişikliyi sahəsində işini bəyənib. 22% isə həmin işdən razı deyil.
  • Rəyi soruşulanların 38%-i ABŞ-ın dünyada rolunu pis qiymətləndirib. Onların 20%-i bu rolu bəyəndiyini deyib. 30% isə ABŞ-ın dünyadakı roluna nə yaxşı, nə də pis qiymət verməyib.