ABŞ və Qırğızıstan Manas bazası ilə bağlı razılığa gəliblər

Baza Əfqanıstana təchizat daşınmasında ABŞ üçün əhəmiyyətə malikdir

Qırğızıstan rəsmisi deyir ki, ABŞ və Qırğızıstan Manas bazasının istifadəsi ilə bağlı razılığa gəliblər.

Rəsminin sözlərinə görə, razılıq iyunun 22-i əldə edilib. O, bu məsələ ilə bağlı hələ açıqlama verilmədiyindən adının çəkilməsini istəməyib. ABŞ rəsmiləri isə bununla bağlı hələlik şərh verməyiblər.

İyunun 23-ü Qırğızıstan parlamenti bu məsələni müzakirə edir. Parlamentdə artıq ratifikasiya prosesi başlayıb.

Qırğızıstan müxalifəti bunu avantüra adlandırıb və hakimiyyəti sözünün üstündə dura bilməməkdə ittiham edib.

Qırğızıstan prezidenti bu ilin fevral ayında demişdi ki, ABŞ qüvvələri Manas bazasından çıxmalıdır. Bu baza Əfqanıstana təchizat daşınmasında ABŞ üçün əhəmiyyətə malikdir.