Daxili İşlər Nazirliyinin səfirliyin məlumatından fərqlənir

İranın Daxili İşlər Nazirliyinin (DİN) Azərbaycanla bağlı yaydığı məlumat İranın Bakıdakı səfirliyinin məlumatından fərqlənir.

Presstv.com saytı İran DİN-inə istinadən məlumat yayıb ki, iyunun 12-də İranın Bakıdakı səfirliyində keçirilən səsvermədə 34 nəfər İran vətəndaşı iştirak edib. Bunların 3-ü Mahmud Əhmədinejada, 27-si Mir Hüseyn Musəviyə, 3-ü isə Mehdi Karrubiyə səs verib. DİN-in məlumatına görə, Möhsün Rezaiyə Bakıda səs verən olmayıb.

Ancaq iyunun 13-də İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri «Trend» agentliyinə bildirib ki, konsulluqda keçirilən seçkidə 1430 nəfər iranlı iştirak edib: «Ümumi səslərin 1418-i etibarlı, 12 səs isə etibarsız hesab olunub».

Seçkilərdə prezidentliyə namizəd Mir Hüseyn Musəvi 1149 səs, Mahmud Əhmədinejad 217 səs, Mehdi Kərrubi 28 səs, Möhsün Rezayi isə 24 səs qazanıb.