«Biz Çexovla eyni ruh müstəvisindəyik …»

Vaqif İbrahimoğlu

«YUĞ» Dövlət Teatrı tamaşaçılarını yenə heyrətləndirməyi bacardı. Necə? O cür ki, Anton Pavloviç Çexovun «Albalı bağı» pyesini səhnələşdirdi. «İz» mədəniyyət proqramı ilk tamaşa günü «Yuğ» teatrındaydı. Teatrın bədii rəhbəri və tamaşanın rejissoru Vaqif İbrahimoğlu ilə söhbətimiz A. P.Çexovun günümüzdə səhnələşdirilməsinin nə qədər aktual olub-olmamasıyla başladı. Sən demə, bu pyesi tamaşaya qoymaq Vaqif bəyin gənclik arzusuymuş. Ancaq obyektiv və subyektiv səbəblərdən bu, baş tutmayıb. Bu ilin oktyabrında «YUĞ» teatrının 20, Vaqif İbrahimoğlunun isə yubiley yaşı (o, özü «Məşədi İbaddan 10 yaş böyüyəm» - dedi) tamamlandığından, rejissor arzusunu gerçəkləşdirməyin əsl vaxtı çatdığını düşünüb.

V.İbrahimoğlunun fikrincə, «Albalı bağı» həm rus mədəniyyəti, həm də Azərbaycan mədəniyyəti üçün dünya mənəvi qatında gedən proseslərlə səsləşir və bəlkə də öngörü kimi çox şeylər deyir: «Boş yerə tamaşanın janrını futuroloji aksiya kimi müəyyənləşdirməmişik. Çexovun sözündə, düşüncəsində, dramaturgiyasında güclü öngörü – öncədən xəbərdarlıq potensialı var ki, biz onu açmağa çalışdıq».

«Albalı bağı» Çexovun son öngörüsüymüş…

Əsər 1904-cü ildə yazılıb, yəni inqilablar ərəfəsində. Vaqif bəyin sözlərinə görə, ilk dəfə Rusiyada inqilabın gəlişini,
«YUĞ» Teatrı «Albalı bağı» pyesini səhnələşdirdi
bolşevizmin meydana çıxacağını F.M.Dostoyevski dünyaya xəbərləmişdi. Amma Çexov ondan sonra bizim içimizdə, ruhumuzda nələr olacağını, hansı sınaqlarla üzləşəcəyimizi göstərib:

«Çexovsayağı bir məsləhəti də biz veririk: bütün sınaqlara qatlaşmaq, dözüb-dayanmaq lazımdır».

«Albalı bağı»nı qıra bilərik, ancaq albalı çiçəklərini yer üzündən silməyə heç kəsin gücü çatmaz!

Vaqif İbrahimoğluya görə, bizlər də yaponlar kimi, albalı bağının seyrinə dalıb həm içimizi, həm də Allahımızı görə bilərik. Quruluşçu rejissor sözlərinə bunu da əlavə edir:

«Aktyorlar tamaşaya illər boyu hazırlaşıb. Tam yetkinliyi duyan kimi, «Albalı bağı»nı səhnələşdirməyə qərar verdim. Əsas odur ki, biz Çexovla eyni ruh müstəvisindəyik və ya buna iddialıyıq və yaxud belə olmaq istərdik, çünki əsas meyar budur!..»

Və bir vacib qeyd!

Tamaşada kimlərin rol aldığını, hansı sürprizlərin olduğunu, hansı musiqinin səsləndiyini və digər önəmli incəlikləri bilmək istəsəniz, «İz»i tıklamağınız və «YUĞ» sənətçilərinin ifasında Çexov dünyasına baş çəkməyiniz yetər.