Elçin Behbudov həbs edilən gənclərlə görüşüb

Elçin Behbudov

Mayın 11-də İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Binəqədi müvəqqəti saxlanma təcridxanasında saxlanan gənclərlə görüşüb. Komitə sədrinin dediyinə görə, gənclər həbs edilən zaman zorakılığa məruz qaldıqlarını desələr də, saxlanma şəraitlərindən narazılıq etməyiblər. E.Behbudov deyir ki, gənclərin ən çox narazı olduğu məqam qanunsuz həbs edilmələri və vəkillə təmin olunmamalarıdır.

Hazırda Binəqədi müvəqqəti saxlanma təcridxanasında altı gənc saxlanır. Bunlar AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı (10 sutka həbs), Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbasov (3 sutka həbs), Müsavat Partiyasının üç fəalı - Əhəd Məmmədli, Yalçın Abbaslı və Murad Kərimov (hər üçünə 3 sutka həbs), tələbə Fərid Rəfiyevdir (3 sutka həbs).

Bu gənclər «Gül bayramı»na etirazla bağlı mayın 8-də ADP-də keçirilən gənclər forumunda çıxış edənlərdir. Onlar mayın 8-i və 9-da saxlanılıblar.