Azərbaycan yanğınlarla bağlı ATƏT-in hesabatı ilə razıdır

Ağdam rayonunun yandırılmış ərazilərinin kosmosdan çəkilmiş şəkli

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı hesabatı ilə tam razıdır. XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə: «Sənəddə yanğın faktları öz təsdiqini tapıb».


Cənab Tağızadənin sözlərinə görə, nazir Elmar Məmmədyarov yaxınlarda ATƏT rəhbərliyi ilə yanğının nəticələrini aradan qaldırmaq və ona qarşı mübarizə aparmaq məqsədilə planı müzakirə etməyə hazırlaşır.


Hesabat müəllifləri qeyd edirlər ki, tərəflərdə yetərincə resurs olmadığından beynəlxalq ictimaiyyət bu ekoloji fəlakətin qarşısının alınmasına kömək etməlidir. Tahir Tağızadə bildirir ki, Azərbaycan bu yöndə istər ATƏT, istər digər təşkilatlarla fəal əməkdaşlığa hazırdır.


BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barsotti isə jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan yanğınla bağlı faktları BMT-yə təqdim edərsə bu sənəd hərtərəfli araşdırılacaq. Cənab Barsotti əlavə edib ki, ətraf mühitin qorunması yalnız bir ölkə çərçivəsində həll olunmur.


Azərbaycan rəsmiləri hesab edirlər ki, işğal altında olan əraziləri erməni tərəfi qəsdən yandırır və ilkin hesablamalara görə Azərbaycana 4,5 milyon dollar ziyan dəyib. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, işğal altında olan ərazilərdə yanğınlar davam edir və küləyin istiqamətinə görə hazırda alov Azərbaycanın öz nəzarətində olan ərazilərinə keçməsi təhlükəsi yaranıb.