İyulun 3-də daha bir özəl tibb mərkəzinin fəaliyyəti dayandırılacaq

Səhiyyə Nazirliyi «Funda» tibb mərkəzinin də fəaliyyətini dayandıracaq

Səhiyyə nazirinin müavini Elsevər Ağayev hazırda 10-a yaxın özəl tibb mərkəzində yoxlama aparıldığını bildirir


«Fəaliyyəti dayandırılan özəl tibb müəssisələrin sayı arta bilər». Səhiyyə nazirinin müavini Elsevər Ağayev belə deyir. Onun sözlərinə görə, bu müəssisələrdən biri də «İlac» Məhdud Məsuliyyətli Cəmiyyətin «Funda» tibb mərkəzidir. Bu müəssisə iyulun 3-də fəaliyyətini dayandıracaq.


Hazırda 10-a yaxın özəl tibb mərkəzində yoxlama aparıldığını bildirən cənab Ağayev bildirir ki, bu tibb müəssisələrinin fəaliyyəti birdəfəlik dayandırılmır: «Onlara göstərilən iradlar aradan qaldırıldıqdan sonra fəaliyyətlərini bərpa edə bilərlər».


Nazir müavini söyləyir ki, dövlət müəssisələrində də belə qusurlar var.


İyunun 29-da Səhiyyə Nazirliyi «Diamed» özəl tibb mərkəzinin fəaliyyətini dayandırıb. Nazirlik «Diamed»in bağlanmasına əsas səbəblər kimi müəssisənin filiallarının lisenziyasız fəaliyyət göstərməsini, bir çox reaktivlərin istifadə müddətinin bitməsinə baxmayaraq, istifadəyə yararlı reaktivlərlə birlikdə saxlanmasını, tibbi avadanlıqlara Patent Agentliyinin rəyinin olmamasını, tibb işçilərinin ixtisasını, əmək fəaliyyətini təsdiqləyən sənədlər təqdim olunmamısını və s. göstərib.