Deputatlar sərhədlərin açılmasına münasibət bildirir

Deputatlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı barədə fikirlərini cari məsələlərin gedişində bildiriblər

«Son vaxtlar bir sıra qəzetlərdə Türkiyə haqqında ağır ittihamlara və həqarətlərə yol verilir. Heç kim unutmasın ki Bakını məhz türklər azad ediblər. Bu torpağın hər qaşında türkün qanı var».

Milli Məclisin aprelin 14-də keçirilən iclasında millət vəkili Cəmil Həsənli belə deyib. O Türkiyə əleyhinə təbliğatın sifarişli olduğunu bildirib:

«Belə təbliğatın aparılması anti-Azərbaycan və anti-milli xarakter daşıyır və bu sifarişi Prezident Aparatından veriblər».

Spiker Oqtay Əsədov deputatın fikriləri ilə razılaşmayıb:
«Prezident Aparatının məsələyə nə dəxli var? Siz deyəsən Türkiyədə və Ermənistanda çıxan qəzetləri oxumursunuz». O, daha sonra Azərbaycan və türk xalqının daim bir olduğunu vurğulayıb.

Müsavat deputat qrupu adından İkram İsrafil bəyanat səsləndirib. Bildirib ki, Azərbaycan hakimiyyətinin qardaş ölkəyə qarşı addımları münasibətləri korlaya bilər.

«Ümid» partiyasının sədri İqbal Ağazadə deyib ki, Türkiyə hökumətinə görə türk xalqı ilə münasibətləri korlamaq olmaz.

Məsələyə bir daha münasibət bildirən spiker Oqtay Əsədov ki «dövlətlər və parlamentlər gəldi-gedərdi, millətlər isə qalır. Həmişə bir olublar, bir olacaqlar»-, söyləyib.

1918-ci ildə Bakının türk ordusu tərəfindən azad edilməsinə gəlincə O.Əsədov millət vəkillərinə bunu tez-tez xatırlatmamağı məsləhət görüb. O, deyib ki, Çanaqqala döyüşlərində də azərbaycanlılar iştirak ediblər, Azərbaycanın qadınları öz zinət əşyalarını Çanaqqalda döyüşən türk əsgərlərinə kömək üçün göndəriblər.

Deputatlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı barədə fikirlərini cari məsələlərin gedişində bildiriblər.