Gürcüstanda müxalifət vətəndaş itaətsizliyinə başlayır

Gürcüstanda müxalifət fəalları parlamentin binası qarşısında, 10 aprel 2009.

Gürcüstan müxalifəti vətəndaş itaətsizliyi kampaniyasına başladığını bildirib. Bunu müxalifət liderləri aprelin 10-da Tbilisidə keçirdikləri mitinqdə elan ediblər.

Müxalifətçilər mitinqlərini şəhərin üç yerində, parlamentin, ictimai televiziyanın və prezident aparatının qarşısında davam etdirəcəklərini deyiblər.

Aprelin 10-da istefa verməyəcəyini deyən prezident Saakaşvili müxalifəti dialoqa çağırıb:

- Bu gün, ölkəmiz çətinliklər qarşısında, vətəndaşlarımız və ailələrimiz yaşamaq və gələcəkləri uğrunda mübarizə apardıqları bir vaxtda bizim dialoq və imkanları bölüşməkdən başqa alternativimiz yoxdur.

Aprelin 9-da da 60 000-ə yaxın adam parlamentin binası qarşısında mitinq keçirib. Onlar prezidenti demokratik islahatlardan uzaqlaşmaqda, ötən ilin avqustunda Rusiya ilə müharibədə ölkə başçısı kimi düzgün hərəkət etməməkdə günahlandırırlar.