Azərbaycanda aşkarlanan H5 virusudur

Səs: Real audio
Azərbaycanda "quş qripi" virusu aşkarlanıb. Amma bu, Türkiyədə tapılmış H5N1 virusu yox, "quş qripi" virusunun növlərindən biri olan H5-dir. Bu haqda Londonun Verbric laboratoriyasının göndərdiyi açıqlamada deyilir H5 virusu fevralın 9-da Yunanıstanda və daha öncə Nigeriyada da aşkarlanıb. Onun yalnız köçəri quşlarda olduğu və ev quşlarına yoluxmadığı, bu üzdən də insan həyatı üçün təhlükəli olmadığı deyilir.



Amma Londondakı Verbric laboratoriyasından «Azadlıq» radiosuna verilən məlumatda bildirildi ki, onlar bu axşam və ya sabah müayinənin nəticəsini Azərbaycana göndərəcəklər. Və bu virusun nə dərəcədə təhlükəli olub-olmadığını Azərbaycan rəsmiləri özləri açıqlayacaqlar.



Azərbaycanda "quş qripi" virusu, özü də insan həyatı üçün təhlükəli H5N1 virusunun olduğunu fevralın 9-da Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri birgə bəyanatlarında bildirmişdilər. Amma Dövlət Baytarlıq Xidmətindən bildirdilər ki, Londondakı laboratoriyadan verilən ilkin məlumatda anlaşılmazlıq olub. Sonradan göndərilən qısa açıqlamada həmin məsələyə aydınlıq gətirilib.



Laboratoriyanın nəticələrini gözləyən Respublika Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, H5 virusu yalnız köçəri quşlarda olur və ev quşlarına keçmir, buna görə də təhlükəli sayılmır.



Dövlət Baytarlıq Xidmətinin rəis müavini bildirir ki, London laboratoriyasının rəsmi cavabı gələndən və xəstəliyin səbəbi məlum olandan sonra Abşeron arxipelaqında karantin elan oluna və virusun aşkarlandığı 3 kilometrlik ərazidə çöl quşları məhv edilə bilər. Bu zaman 10 kilometrlik ərazi təhlükəli zona elan ediləcək və 15 kilometrlik bölgədə nəzarət tədbirləri həyata keçiriləcək.



Ancaq bununla belə, rəsmilər «quş qripi» təhlükəsinin sovuşmadığını bildirirlər. Bu məqsədlə hökumət BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Birləşmiş Ştatların ekspertləriylə birgə mübarizə planı hazırlamağa başlayıb.



Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, virus Abşeronda, ötən bazar Pirallahı qəsəbəsində ölmüş su quşlarında aşkarlandığı üçün onun yayılmaması məqsədilə Bakının giriş-çıxışında avtomobilləri dezinfeksiya etmək, paytaxta gəliş-gedişə bəzi məhdudiyyətlər qoymaq niyyətindədirlər. Bundan əlavə, Azərbaycanın sərhəd məntəqələrində ölkəyə daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya olunacaq.



Cənab Şahbazov hesab edir ki, ilkin tədbir kimi həm də ev quşlarının köçəri quşlarla təmasına imkan verməməkdir. İnsanların xəstəliyə yoluxmaması üçünsə quşçuluq fabrikləri, eləcə də köçəri və ev quşlarının monitorinqi yenə də davam etdiriləcək. Artıq gələn bazar ertəsindən yeni quraşdırılmış avadanlıq vasitəsilə götürülmüş nümunələr təkrar müayinədən keçiriləcək. Və bu prosesdə xarici ekspertlər də iştirak edəcəklər. Xəstəlik nişanələri müəyyən olunarsa, həmin nümunələr xarici laboratoriyalara göndəriləcək.



Maliyyə naziri Əvəz Ələkbərov isə fevralın 10-da bildirib ki, ehtiyac olarsa, «quş qripi»ylə mübarizə üçün Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə ehtiyat fondundan vəsait ayırmağa hazırdırlar. Eyni zamanda bu məqsədlə artıq Dünya Bankına müraciət olunub. Bank Azərbaycana 5 milyon dollar ayırmağa planlaşdırır.



Son aylarda Azərbaycanın müxtəlif bölgələrində – Masallı, Salyan, Bərdə, Gəncə və başqa bölgələrdə ev quşları, eləcə də ötən bazar Pirallahı qəsəbəsində su quşları kütləvi qırılmışdı. Yerli müayinələrdən sonra onların bağırsaq çöpləri və «nyukasl» kimi xəstəliklərdən tələf olduğu deyilirdi.



Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edərək quşlarla sıx təmasda olmamağa, körpə uşaqların istər ev,