Bakı Xəzərin hərbsizləşdirilməsi ilə bağlı danışıqlara çağırır

Səs: Real audio
Xələf Xələfov xüsusi işçi qrupun son yığıncaqlarında irəliləyişin olduğunu bildirir Azərbaycan bütün sahilyanı dövlətlərin ümumi razılığı ilə Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul olunmasında maraqlıdır.



Bunu Bakıda Xəzərin hüquqi statusunun hazırlanması üzrə xüsusi işçi qrupun 18-ci yığıncağının açılışında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.



Cənab Xələfov ticarət gəmiçiliyi, ekologiya, Xəzərdə fəaliyyət prinsiplərinin razılaşdırılması məsələləri üzrə son yığıncaqlarda irəliləyişin olduğunu qeyd edib.



Cənab Xələfov Xəzərin hüquqi statusunun hazırlanması prosesində dənizin dibinin Azərbaycan, Rusiya və Qazaxıstan arasında bölünməsinə dair razılığın əldə olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Xəzəryanı ölkələrin bu dövlətlərə məxsus ticarət gəmilərinin Xəzərdə sərbəst üzməsinə dair yekdil rəydən razı qaldığını da söyləyib. Onun fikrincə, Xəzərin demilitarizasiyası, sahilyanı ölkələrin hərbi gəmilərinin üzmə qaydaları, hərbi qüvvələr arasında balansın müəyyən edilməsi, boru kəmərlərinin təhlükəsizliyinin təminatı, terrorizmlə və başqa qlobal təhlükələrlə mübarizə məsələlərinin də xüsusi müzakirəyə ehtiyacı var.



Xəzərin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında indiyə qədər əldə olunan razılığa görə, dənizin dibi bölünür, səthi isə ümumi istifadədə qalır. İran isə Xəzərin sahilyanı dövlətlər arasında 5 eyni hissəyə bölünməsi tələbində israr edir.



Oktyabrın 7-də xüsusi işçi qrupun nümayəndələri mətbuat konfransı keçirib danışıqların gedişi haqda məlumatlar verəcəklər.