Türkiyənin Azərbaycandakı səfirinə basqın edən şəxs tutuldu

Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı qarət etmiş 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Azər Nuruzadə həbs edilib.



Bu, Səbail rayon Polis İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində olub.



Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verdi.



Cənab Gözəlov səfirin oğurlanmış əşyalarının - içərisində sənədlər olan çantasının və xidməti silahının A.Nuruzadədən götürüldüyünü bildirdi.



Azər Nuruzadə əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib.



Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı iyunun 4-də gecə saat 3 radələrində paytaxtın «Fəvvarələr meydanı»nda gəzərkən basqına məruz qalmışdı.



Bu arada isə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti səfir Turan Moralının iki həftəlik istirahət üçün Türkiyəyə getdiyini bildirən məlumat yayıb.