Brayza Bakıya gəlib

Mətyu Brayzanın ölkə rəsmi şəxslərlə görüşü gözlənilir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza martın 26-da Bakıya gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, səfər qısamüddətlidir, Mətyu Brayzanın ölkə rəsmi şəxslərlə görüşü gözlənilir.

Amerikalı həmsədr Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsi və o cümlədən bu ilin mayında Praqada keçirilməsi planlaşdırılan Azərbaycan-Ermənistan prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə ediləcək.

“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə Metyu Brayza martın 25-də Ermənistanda prezident və Xarici İşlər naziri ilə görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə Brayza Eduard Nalbandyana ABŞ-Ermənistan əlaqələrinə, regional təhlükəsizliyə və Ermənistanla Türkiyə arasında indiki dialoqa dair Dövlət Katibi Hillari Klintonun mesajlarını çatdırıb.

Nazirliyin rəsmi məlumatında qeyd edilir ki, xanım Klintonun martın 17-də Nalbandyanla telefon danışığında da həmin mövzulara toxunulub. Dövlət katibi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə də hazır olduğunu bildirib.