Mottaki İran-Amerika münasibətlərindən danışıb

İranın xarici işlər naziri Manuçehr Mottaki Bakıda dövlətlərarası komissiyanın iclasında iştirak edir

«Əgər Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyi İrana münasibətdə yeni yanaşma ortaya qoyarsa, biz də öz tərəfimizdən bu cür addımlar atacağıq». Bu sözləri İranın xarici işlər naziri Manuçehr Mottaki fevralın 19-da Bakıda jurnalistlərə deyib.

Nazir bildirir ki, Barak Obama administrasiyasının yeni yanaşması siyasətdə və əməldə öz əksini tapmalıdır.

Amerika ilə İran arasında diplomatik münasibətlər 1979-cu il İran islam inqilabından sonra pozulub. Birləşmiş Ştatlar hazırda İranın uranın zənginləşdirilməsi proqramının əleyhinədir və bunu dünyada sülh üçün təhlükə hesab edir.

Manuçehr Mottaki Bakıda İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın 7-ci iclasında iştirak edir.