«Yeni Azərbaycan»ın redaksiyası yanıb

Baş redaktolr deyir ki, hadisə nəticəsində redaksiyaya ciddi ziyan dəyməyib

Fevralın 12-si saat 9.30 radələrində «Yeni Azərbaycan» qəzetinin redaksiyasında yanğın hadisəsi baş verib. Redaksiyanın binası Bakının Üzeyir Hacıbəyov küçəsində yerləşir. Həmin binada daha bir iqtidaryönlü qəzetin - «Səs»in redaksiyası fəaliyyət göstərir.

«Turan» agentliyinin hadisə yerindən yaydığı məlumata görə, yanğın 3-cü mərtəbədə, «Yeni Azərbaycan»ın baş redaktorunun otağında baş verib. Hadisə yerinə dörd yanğınsöndürən maşın gəlib. Alov 40 dəqiqə ərzində söndürülüb.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu «Media forum» saytına açıqlamasında deyib ki, hadisəyə qısaqapanma səbəb olub, kondisionerin konstruksiyası yanıb. Baş redaktor hadisənin «Yeni Azərbaycan»ın redaksiyasında baş verdiyini təsdiqləyib və əlavə edib ki, yalnız tüstülənmə olub: «Hadisə nəticəsində redaksiyaya ciddi ziyan dəyməyib. Hadisə baş verəndə biz işdə idik».