Çeçenistandan olan qaçqın Rusiyaya təhvil verilib

Baş prokurorluğun mətbuat xidmətindən məsələ ilə bağlı yalnız bazar ertəsi hər hansı bir məlumatın verilməsinin mümkünlünü bildirdilər

Çeçenistandan olan qaçqın Yusup Naqayem cümə günü Rusiyaya təhvil verilib. O, Rusiya tərəfinin sorğusu əsasında ötən ilin aprel ayında Bakıda həbs olunmuşdu.

Naqayevin vəkili Fazil Məmmədovun «Turan»a verdiyi məlumata görə, Naqayev Azərbaycanın Baş prokuroru Zakir Qaralovun ötən ilin dekabr ayının axırında verdiyi qərara əsasən ekstradisiya olunub.

Vəkil bu qərarı əsassız hesab edir. Azərbaycan Respublikasının «Ekstradisiya haqqında» qanununa görə, cinayət törətməkdə ittiham olunan şəxs başqa dövlətə Ağır Cinayətlərə dair Məhkəmənin qərarı ilə verilməlidir. «Mən Baş prokurorun qərarından Səbail məhkəməsinə şikayət verdim. Məhkəmə şikayəti təmin etmədi. Bundan sonra məhkəmənin qərarından Bakı apelyasiya məhkəməsinə şikayət verdim. Bu məhkəmə məsələyə mahiyyəti üzrə baxılması üçün işi Səbail məhkəməsinə qaytardı. Lakin prokurorluq məhkəmə baxışının sona çatmasını gözləməyərək Naqayevi ekstradisiya etdi», - deyə vəkil bildirib.
Baş prokurorluğun mətbuat xidmətindən məsələ ilə bağlı yalnız bazar ertəsi hər hansı bir məlumatın verilməsinin mümkünlünü bildirdilər.

Qeyd edək ki, Naqayev Rusiyanın tələbilə hələ 2008-ci ilin aprelində həbsə alınıb. O, 1998-ci ildə Qudermes şəhərində insan oğurluğu cinayətinin törədilməsində ittiham edilir, Rusiyada onu 15 il həbs cəzası gözləyir.

Çeçen qaçqınların təmsilçisi İsa Əhyadov Naqayevin işinin «siyasi sifariş» olduğunu «Turan»a bildirib.

O, həmçinin qaçqınlar üzrə Ali Komissarlığın himayəsi altında olan şəxsin həbsinin və ekstradisiyasının beynəlxalq konvensiyalara və digər beynəlxalq aktlara zidd olduğunu bildirib.

İ.Əhyadovun sözlərinə görə, Naqayev Azərbaycanda 2000-ci ildən yaşayıb. 2002-ci ildən isə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən qeydə alınmış mandatlı qaçqın olub. Naqayevlər ailəsi Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatlarını açıq-aşkar pislədiklərinə görə təqiblərə məruz qalıblar.

«Həmzət və Bədruddin Naqayev qardaşları Çeçenistanı tərk ediblər. Siddiq adlı daha bir qardaşları tutulub və işgəncələrdən sonra ölüb»- deyə İ.Əhyadov bildirib.

41 yaşlı Yusup Naqayev bir vaxtlar Çeçenistanın vitse-prezidenti olmuş Səidhəsən Abumüslümovun sürücüsü işləyib.