Çörək sexinin qaz sızmasından partladığı bildirilir

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb

Yanvarın 30-u səhər saat 10.00-da Bakının Azadlıq prospekti- 157 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən çörək sexində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ilkin ehtimala əsasən, partlayış qaz sızmasından baş verib.

Çörək sexindəki üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, biri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Partlayışın zərbəsindən 20 metr radiusdakı pəncərələr sınıb, yaxınlıqdakı yaşayış binalarına və ticarət obyektlərinə ziyan dəyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.