Müsavat piket keçirməkdə qərarlıdır

«Artıq bizə «yox» cavabı veriblər və bu tamamilə qanuna zidd olan bir cavabdır»

Bakı Şəhər İcra Hakimiyyətinin etiraz etməsinə baxmayaraq Müsavat partiyası yanvarın 21-də piket keçirməkdə qərarlıdır.
Bu barədə partiyanın icra aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna məlumat verib.

Ötən həftə Müsavat partiyası xarici radiostansiyaların FM tezliyinin bağlanmasına etiraz əlaməti olaraq yanvarın 21-də Milli Teleradio Şurasının (MTRŞ) qarşısında piket keçirmək üçün meriyaya müraciət edib. Arif Hacılı deyir ki, icra hakimiyyəti onların müraciətinə müsbət cavab verməyib:

«Artıq bizə «yox» cavabı veriblər və bu tamamilə qanuna zidd olan bir cavabdır. Bildiriblər ki, onlar belə bir tədbirin keçirilməsini məqsədəuyğun saymırlar. Halbuki bu, icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələ deyil. Hər halda Müsavat partiyası yanvarın 21-də piket keçirtməyə cəhd göstərəcək».

MTRŞ Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun - «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını bu ilin yanvarın 1-dən dayandırıb. Şura hesab edir ki, xarici radioların milli tezlikdə yayımı yerli qanunvericiliyə ziddir.