Əlixan Məlikov: «Günah vətəndaşındı…»

Qaz sızması nəticəsində Bakıda baş vermiş partlayışlardan biri. 13 dekabr 2008

«Təbii qaz sızmalarından partlayışların əsas səbəbi vətəndaşların səhlənkarlığıdır».
«Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov yanvarın 20-də jurnalistlərə belə deyib.

O, bildirib ki, abonentlər təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etsə, bədbəxt hadisələr baş verməz:

«Həm Nəsimi, həm də Nərimanov rayonlarındakı partlayışlar istilik sisteminin olmadığı binalarda baş verib. İstilik sistemi olmadığından, bu binalarda yaşayan istehlakçılar qanunsuz istilik qaz cihazlarından istifadə edirlər. Bu cihazlar, müvafiq təlimatlar olmadan, rezin şlanqlar vasitəsilə quraşdırılır. Bacalar də düzgün çəkilmir» -, deyə Məlikov bildirib.

«Azəriqaz» rəhbəri qanunsuz qaz çəkilişinə qarşı mübarizənin gücləndiriləcəyini vurğulayıb.

Bu məqsədlə qazdan istifadə ilə bağlı əhalinin maarifləndirilməsi və təhlükəsizlik tədbirləri görülməsi məqsədilə xüsusi qərargahların yaradılması barədə göstəriş verildiyini xatırladıb.

«Bakının Nəsimi rayonu, Cavad Xan küçəsi 30 ünvanında qaz sızması nəticəsində partlayış baş verən beşmərtəbəli yaşayış binası bərpa olunacaq, partlayış nəticəsində ölənlərin ailələrinə isə yardım ediləcək, sakinlər dağılmış və yanmış ev əşyalarının əvəzinə yeniləri ilə təmin ediləcəklər»-, bunu isə baş nazirin müavini Abid Şərifov deyib.

Yanvarın 16-da Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə ilə bağlı bir nəfər həbs olunub.