Dövlət qəzetləri bahalaşdı

Dövlət qəzetləri son bir ildə ikinci dəfədir bahalaşır

Yeni ilin ilk günü rəsmi dövlət qəzeti «Azərbaycan» və «Bakinski raboçi» satış qiymətini 30 qəpikdən 40-a qaldırıblar. Yanvarın 1-də hər iki qəzet satışa yeni qiymətlə çıxarılıb.
Yanvarın 6-dan «Xalq qəzeti» və «Respublika» da satış qiymətini 10 qəpik artıracaq. Hər iki qəzetdən bildiriblər ki, yanvarın 6-dan bu nəşrlərin də satış qiyməti 40 qəpik olacaq.

Rəsmi nəşrlər qiyməti 20 qəpikdən 30-a ötən ilin yanvarında qaldırmışdılar.

Ölkədə dörd rəsmi hakimiyyət qəzeti nəşr olunur. 1991-ci ildə «Həyat» adıyla yaradılmış «Azərbaycan» qəzetinin təsisçisi Milli Məclis, «Xalq qəzeti» (1919-cu ildən çıxır, sovet dövründə adı «Kommunist» olub), «Respublika» (1990-cı ildə Nazirlər Kabinetinin nəşri kimi yaradılıb) və «Bakinski raboçi»nin (1906-cı ildən çıxır, sovet dövründəki adını saxlayıb) təsisçisi isə Prezidentin İşlər İdarəsi və bu nəşrlərin redaksiyasıdır.
«Media Forum»