Nardaranda İsrail əleyhinə aksiya keçirilib

Nardaranda İsrail əleyhinə aksiya, 20 oktyabr 2006

Dekabrın 31-də Nardaran kəndində bir qrup sakin İsrailin Qəzza bölgəsində hərbi əməliyyatlarına etiraz olaraq aksiya keçiriblər. Onlar İsraildən hərbi əməliyyatları dayandırmağı tələb ediblər.

Bildirilib ki, məsələyə Azərbaycan dövləti öz kəskin etirazını nümayiş etdirməlidir. Etirazçılar hesab edir ki, Azərbaycan Fələstin xalqına yardım göndərməli və İsraillə diplomatik əlaqələri kəsməli və onu işğalçı dövlət kimi tanımalıdır.

Aksiyaya qatılan kənd sakinləri bəyan ediblər ki, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə onlar Bakıda İsrail və Amerika səfirlikləri qarşısında da piketlər keçirəcəklər. Etirazçılar Amerika və İsrailin bayraqlarını yandırıblar.

Rəsmi İsrail bəyan edib ki, Qəzza bölgəsində həyata keçirilən hərbi əməliyyatlar dinc xalqa qarşı yönəlməyib. Bu anti-terror tədbirləridir.

Fələstinin rəsmilərinin məlumatına görə, əməliyyatlar zamanı 400-ə yaxın adam ölüb, yüzlərlə xəsarət alanlar var. İsrail tərəfi isə dörd hərbçisini itirdiyini deyir.