Bir qrup naxçıvanlı Ermənistana keçmək istəyib

«Bir yolkanın işığı qırıldığına görə bizim uşaqlarımızı qatıb içəri döyüblər. Başlarını qayçılayıb ötürüblər…»

Dekabrın 27-də Naxçıvanda bir qrup valideyn övladlarının polis bölməsində haqsız saxlanaraq döyüldüyünü iddia edərək, Ermənistana keçmək məqsədilə sərhədə üz tutub.
Dekabrın 26-da axşam Muxtar Respublikada qurulan Yeni İl yolkalarından birinin işığının kəsilməsində şübhəli bilinən 18-23 yaş arası yeddi nəfər gənc gecə ikən polis bölməsinə aparılaraq orada döyülüb və saçları kəsilib. Bundan başqa onlara saat 6-dan sonra küçəyə çıxmama ilə bağlı imza atdırılıb. Buna etiraz əlaməti olaraq onların valideynləri ölkəni tərk edəcəklərini bəyan ediblər. Valideynlərdən biri «Azadlıq» radiosuna bildirib:

«Bir yolkanın işığı qırıldığına görə bizim uşaqlarımızı qatıb içəri döyüblər. Başlarını qayçılayıb ötürüblər. Uşaqlarımızı səhərə kimi döyüblər, bir gecə polisdə saxlayıblar. Belə yaşamaq olar? Biz indi o biri dövlətə keçmək istəyirik. Biz Ermənistanda yaşamaq istəyirik. Kasıbçılıqla uşaq saxlayıb böyütmüşük…»

Naxçıvan polisi isə bildirib ki, bu addım gəncləri qorxutmaq məqsədi daşıyırmış və sonradan valideynlərlə söhbət edərək bu məsələnin araşdırılacağına söz verilib və onları bu fikirdən daşındırıblar.