«Dalğa»çıların edamı

Gənclər aksiyaya başlayan kimi səfirliyin polisi tərəfindən uzaqlaşdırılıblar. Saxlanan olmayıb

«Dalğa» Gənclər Hərəkatı İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında öz üzvlərindən ikisini «edam», birini isə «daşqalaq» edib.

«Dalğa»çılar bu rəmzi aksiyanı İranda insan hüquqlarının pozulmasına, məhkəmə qərarlarının ədalətsiz olmasına etiraz olaraq keçiriblər.

Hərəkat sədri Vəfa Cəfərova «Azadlıq» radiosuna deyib ki, səfirlik qarşısında «İmam Əli İrandan utanır!», «Milli ayrı-seçkiliyə son!» şüarları ilə İrandakı hadisələri pisləyiblər.

Gənclər aksiyaya başlayan kimi səfirliyin polisi tərəfindən uzaqlaşdırılıblar. Saxlanan olmayıb.

İranın Bakıdakı səfirliyi hələlik məsələ ilə bağlı hər hansı münasibət bildirməyib.

«Dalğa» Gənclər Hərəkatı dekabrın 7-14-nü «İnsan haqları həftəsi» elan edib.