Zahidovlar cəzaçəkmə müəssisələrinə qaytarıldılar

Qardaşlar atalarının yas mərasimində iştirak etmək üçün dekabrın 2-də müvəqqəti azadlığa buraxılmışdılar

Dekabrın 8-i saat 18.30 radələrində Qənimət və Sakit Zahidovlar yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıblar. Onlar atalarının yeddi mərasimi başa çatdıqdan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarının müşayəti ilə cəza çəkdikləri müəssisələrə yollanıblar. Bu barədə «Azadlıq» radiosuna «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov məlumat verib.

Zahidovların atası Səlim Zahidov dekabrın 2-də yaşadığı Şamaxı rayonunda vəfat edib.
Qardaşlar atalarının yas mərasimində iştirak etmək üçün dekabrın 2-də müvəqqəti azadlığa buraxılmışdılar.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov 2008-ci martında bədənə az xəsarət yetirmə və xuliqanlıq ittihamı 4 il müddətinə həbs olunub. Sözügedən nəşrin əməkdaşı Mirzə Sakit isə 2006-cı ilin oktyabrında qansuzuz narkotik saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki qardaş ittihamı qəbul etmir və sifarişli sayır.