Məhbus aclıq edir, rəsmilərsə gözləyir…

Məhbus barəsində verilən hökmə etiraz olaraq aclıq aksiyası keçirir

Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Rafiq Rzayev, ailəsinin sözlərinə görə, 12 gündür ki, barəsində verilən hökmə etiraz olaraq aclıq aksiyası keçirir.
Məhbus Rafiq Rzayevin bacısı Dilşad Rzayeva qardaşının sağ olub-olmaması barədə hələ də bir məlumat ala bilmədiklərini deyir:

«Heç bir məlumat vermirlər. O, nə qədər ac qalacaq. Öləndən sonra məlumat verəcəklər? Kimə zəng edirəm bir söz demir. Bircə dünən dedilər ki, aclığı davam etdirsə də, yaxşıdır. Mən başa düşmürəm, ac adam necə yaxış ola bilər...»

Gəncə şəhər 2 saylı İstintaq təcridxanasının rəisi Zahid Rzayev deyir ki, bu barədə onun məlumat vermək ixtiyarı yoxdur. Onlar aclığın davam etməsi ilə bağlı Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə rəsmi xəbərdarlıq ediblər. Penitensiar xidmətin mətbuat katibi Mehman Sadıqov isə məlumatı nə təkzib, nə də təsdiq edir: «Biz belə məsələləri şərh etmirik.
-Sizcə, bu boş iddiadır?
-Mən belə məlumatın doğru və ya yanlış olmasına şərh vermirəm.
-Yəni siz təcridxanadakı belə məsələlərlə maraqlanmırsınız?
-Biz hər şeylə maraqlanırıq, hər şeydən də xəbərimiz var. Sadəcə belə məlumatları nə təsdiq, nə də təkzib edirik…»

Məhbus Rafiq Rzayev soyuq silah istifadə etməklə xuliqanlıq ittihamı ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.